!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan təhsili üçün test: Qəbul imtahanlarının formatı niyə dəyişdirilir? - PROBLEM  

!Reklam – Yazi

Ölkənin ali məktəblərinə qəbul imtahanlarının yeni formatda keçiriləcəyinə dair məlumat cəmiyyətdə ciddi çaşqınlıq yaradıb.

Yenicag.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində ali məktəblərə qəbul imtahanlarının formasının dəyişdiriləcəyini anons edib.

DİM rəhbərinin sözlərinə görə, qəbul imtahanlarında yenilik artıq 2018-ci ildən tətbiq olunacaq:

“Gələnilki imtahanlarda gənclərdən daha böyük məsuliyyət gözləyirik. Çünki onlar 26 ildir ki, test şəkilində aparılan imtahanları verən sonuncu abituriyentlər olacaqlar.

Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

M. Abbaszadənin bu açıqlaması cəmiyyətdə ciddi narahatlıq doğuraraq, rüşvətə zəmin yaradan kemiş imtahan formatının bərpasına hazırlıq kimi qiymətləndirilib.

Sosial şəbəkələrdə bu mövzuda aparılan aktiv müzakirələrin əksər iştirakçıları bir qədər də irəli gedərək, bundan sonra universitet qapılarının aztəminatlı ailələrin övladlarının üzünə bağlanacağını iddia ediblər. Bu narahatlığı nəzərə alaraq, qəbul imtahanlarında baş verəcək dəyişikliklərin mahiyyətini öyrənməyə çalışdıq.

Müzakirə olunan mövzunu Yenicag.az-a dəyərləndirən keçmiş təhsil naziri Firudin Cəlilov bildirib ki, test üsuluna alternativ sistemin mahiyyəti hələ məlum olmadığı üçün bu barədə qəti fikir söyləmək çətindir. Sabiq nazirin fikrincə, test üsulu özlüyündə mütərəqqi sistem olsa da, onun da müəyyən qüsurları var:

firidun
Firidun Cəlilov

“Hazırda əyalətdə olsam da, Məleykə xanımın test üsulunun ləğvi haqqında fikirləri ilə tanışam. Onun dediklərindən belə başa düşmək olar ki, yaxın illərdə test üsulu ləğv olunacaq, əvəzində başqa sistemə keçiləcək.

Ancaq hələ məlum deyil ki, təklif olunan alternativ nəyə əsaslanır və nədən ibarətdir. Bu üzdən, o məsələ haqqında qəti mövqe bildirmək çətinləşir. İnanmaq istərdim ki, yeni üsul özünü doğruldacaq və cəmiyyətin etimadını qazanacaq.

Mən test üsulunu necə zülümlə tətbiq etdiyimizi hər zaman xatırlayıram. Buna kəskin müqavimətlər vardı. Lakin çətinliklərə baxmayaraq, bu məqsədimizə nail olduq.

Nəticədə, sosial vəziyyətindən asılı olmayaraq (varlı, yaxud da kasıb balaları – red.) savadlı uşaqlar ali məktəblərə daxil ola bildilər. Ona görə də test üsulu cəmiyyətdə bu qədər dəstəklənir.

O zaman bizim fikrimiz vardı ki, bu sistemi daha da yüngülləşdirərək, orta məktəbi yaxşı göstəricilərlə bitirmiş məzunların universitetlərə imtahansız qəbulunu keçirək. Lakin məlum səbəblərdən o işləri davam etdirə bilmədik. Bizdən sonrakılar isə qəbul imtahanlarının test üsulu ilə aparılmasını davam etdirdilər.
Etiraf edək ki, test üsulu nə qədər mütərəqqi sistem olsa da onun müəyyən qüsurları var. Bu sırada ilk növbədə onu deməliyik ki, test imtahanlarına hazırlaşan uşaqlar biliklərə sanki mexaniki şəkildə yiyələnirlər.

Yəni fənni dərindən öyrənmədən, onun belə deyək, informativ tərəflərini mənimsəyirlər, əzbərçiliyə meyillənirlər. Eyni zamanda, seçdikləri ixtisaslara uyğun fənləri yaxşı oxuyurlar, digər fənlərə isə əhəmiyyət vermirlər, nitqlərini formalaşdıra bilmirlər və sair. Bax, test üsulunun da belə çatışmazlıqları var.

İndi müəyyən narahatlıqlar yaranıb ki, əvvəlki sistem bərpa olunsa, yenə rüşvət və başqa neqativ hallar çiçəklənəcək. Bu narahatlıqları başa düşürəm. Amma gəlin, yeni sistemin mahiyyəti açıqlansın, ondan sonra qiymətləndirmə aparaq.
Bəli, testdən daha təkmil, daha üstün üsullar var. Ancaq o üsulların tətbiqi üçün münbit sosial mühit olmalıdır. O mühit yoxdursa, ən mütərəqqi üsul da iflasa məhkumdur”.

Bu barədə Yenicag.az-a danışan təhsil eksperti Kamran Əsədov da qeyd edib ki, test üsulunun ləğvi haqda iddialar həqiqətə uyğun deyil:

Kamran Əsədov

“Qəti surətdə başa düşmək lazımdır ki, Azərbaycanda qəbul imtahanlarında test üsulunun ləğvindən söhbət getmir. Tətbiq olunacaq yenilik test üsulunun format dəyişikliyini nəzərdə tutur.

Bu dəyişikliyi şərtləndirən əsas amil isə ali və orta ixtisas məktəbləri məzunlarının hazırlıq səviyyəsinin əmək bazarının tələblərinə cavab verməməsidir. Yəni test üsulunun indiki formatı seçmək prinsipinə əsaslanır. Praktika isə göstərir ki, bu yolla universitetlərə qəbul olub, oranı bitirənlər əmək bazarındakı trendlə ayaqlaşa bilmirlər.

Təklif olunan dəyişiklik isə seçməklə bərabər, həm də öyrənməyi nəzərdə tutur. Eyni zamanda, artıq bir neçə ildir ki, orta məktəblərdə tədrisin kurikulum əsasında aparılması da bu yeniliyi zərurətə çevirir. Sadə dillə desək, testlə yanaşı, həm də qabiliyyət imtahanına bənzər bir seçmə üsul tətbiq olunacaq. Buna normal yanaşmaq lazımdır.

Yenə deyirəm, test üsulunun ləğvi müzakirə predmeti deyil və olmayacaq”.

Əsədovun fikrincə, əsas məsələ qəbul imtahanlarının formatı yox, orta məktəblərdə tədrisin səviyyəsinin artırılmasıdır:

“Düzdür, orta məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi həlledici məqamdır. Əks halda, qəbul imtahanlarının hansı formatda aparılmasının da əhəmiyyəti qalmır”.

Təhsil eksperti Nabatəli Qulamoğlu da Yenicag.az-a açıqlamasında qeyd edib ki, test üsulunun ləğvi heç bir halda müzakirə mövzusu deyil:

Nabatəli Qulamoğlu

“Məleykə Abbaszadənin qəbul imtahanlarının formatının dəyişdiriləcəyi haqda fikirləri ətrafında yersiz ajiotaj yaradılmasını başa düşmək olmur. Bəzi media orqanları Məleykə xanımın həmin fikirləri ilə tanış olmadan bu məsələ ətrafında sensasiya yaratmağa çalışırlar.

Əzlində isə bu qəbul imtahanlarının formatının dəyişdirilməsinin zəruriliyini təhsil naziri Mikayıl Cabbarov bir müddət əvvəl bəyan etmişdi. Məleykə xanımın bu açıqlaması da göstərir ki, o vaxtdan bəri Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi bu məsələ üzərində işləyiblər. Bir daha deyirəm, test üsulu ləğv edilmir, daha da təkmilləşdirilir.

Ümumiyyətlə, Azərbaycanda test üsulunun ləğvini mümkünsüz edən həm sosial, həm də siyasi faktor mövcuddur. Sosial amil bundan ibarətdir ki, Azərbaycan vətəndaşı test üsulundan istifadə olunduğu bu 25 il ərzində qəbul imtahanlarında rüşvət vermək kimi zərərli vərdişi yadırğayıb. İndi heç kim yenidən o təcrübəyə qayıtmaq istəməz.
Siyasi faktor isə budur ki, test üsulunun ləğvi cəmiyyətdə inqilaba səbəb ola bilər və hökumət bunu qətiyyən arzulamaz”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv