!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan təyyarələri ermənilərə həyəcan yaşatmalı idi" – Hərbi ekspert

!Reklam – Yazi

Ermənistanın baş naziri Paşinyan Xankəndində erməni təyyarələrinin uçuşunu keçirərək şou göstərib.

Erməni mediası uçuşların videosunu  yayıb. Maraqlıdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təyyarələrin uçuşunu təkzib edib.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov yenicag.az-a danışıb:

“Videodan aydın görünür ki, AR Müdafiə Nazirliyinin təkzibinə baxmayaraq, təyyarələr uçur, çoxlu sayda turist də bunu izləyir. Havada şou göstərən L-39 (Albatros) Çexiya istehsalı olan hərbi təlim döyüş təyyarəsidir. Həmin təlim təyyarələri Varşava müqaviləsinə qoşulmuş dövlətlərin silahlanmasına 1968-cı illərdən başlayaraq verilən qırıcılardır. Bu təyyarələr əsasən keçmiş sovet respublikalarının silahlanmasına daxildir. Hazırda bu təyyarələrdən Ermənistanda 4 ədəd var. Həmin təyyarələrdən Azərbaycanda da var və sayı daha çoxdur. Bu təyyarələr hazırda kursantların təlimi üçün istifadə olunur. Həmin təyyarələr döyüşdə də istifadə oluna bilər. Qırıcılar 250 kq-a qədər hər iki qanadına bomba götürə bilir. İstənilən halda onu daha çox silahla təmin etmək mümkündür. Albatrosun sürəti horizantal vəziyyətdə saatda 750 km-dən 900 km-ə qədər çata bilir. Bu onu göstərir ki, bu təyyarələr hərbi hava qüvvələrinin döyüş arsenalına daxil ola bilər”.

Azərbaycan tərəfinin təzyiqlərindən sonra Xankəndi və Xocalı aeroportlarına iritutumlu təyyarələrin gəlib-getməsinin beynəlxalq səviyyədə qadağan olduğunu deyən hərbi ekspert bildirib ki, erməni tərəfi bu qadağanı dəfələrlə pozub:

“Ermənistan tərəfi dəfələrlə bu qaydanı pozub həmin aeroportlarda uçuşlar keçiriblər. Dünənki uçuşlar zamanı yayımlanan kadrlardan aydın görünür ki, nəinki Dağlıq Qarabağda yaşayan ermənilər, həmçinin, Ermənistandan və digər ölkələrdən də qonaqlar uçuşları izləyiblər. Bəziləri iddia edir ki, Paşinyan təyyarədə uçub, ancaq bu, mümkün deyil. Çünki o təyyarədə hər adam uça bilməz. Paşinyan sadəcə olaraq, həmin təyyarədə şəkil çəkdirib”.

Ermənilərin Dağlıq Qarabağa uçuşlar keçirməsinə Azərbaycan tərəfinin verəcəyi cavaba gəldikdə isə, Tərlan Eyvazov qeyd edib ki, Paşinyanın bir ayda iki dəfə Qarabağa səfər etməsinə görə rəsmi Bakı ciddi addım atmalıdır:

“Düzdür, Müdafiə Nazirliyi deyə bilər ki, biz özbaşına deyilik, ancaq ölkənin hava məkanının pozulması və digər məsələləri əsas gətirərək müəyyən addımlar ata bilər. Təbii ki, oradakı dinc əhalini vurmaq Azərbaycana baş ucalığı gətirməyəcəkdi. Beynəlxalq qalmaqal yaranacaqdı və bir çox dövlətlər tərəfindən qınaq atəşinə tutulacaqdıq. Ancaq hər hansısa bir addımların atılması, heç olmasa o təyyarələr Dağlıq Qarabağda dövrə vurarkən bizim Albatroslardan üstün və müasir standartlara cavab verən təyyarələrin havaya qalxıb onlara həyəcan yaşatması, xəbərdarlıq etməsi mümkün variant idi. Ancaq Azərbaycan tərəfinin müşahidə aparması və sonradan XİN-in verdiyi bəyanat yetərincə ciddi deyil. Daha çox Müdafiə Nazirliyi hər hansısa bir hərəkət etməli idi. Əgər belə davam edərsə, şouların və daha sonra iritutumlu təyyarələrin uçuşuna şahid ola bilərik. Ermənilərin bu addımının qarşılığında diplomatik bəyanatlarla kifayətlənmək olmaz, sözdən əmələ keçmək lazımdır”.

Sonda hərbi ekspert qeyd edib ki, danışıqların davam etməsi, Ermənistana yeni rəhbərliyin gəlməsi geniş miqyaslı əməliyyatların həyata keçirilməsini sual altına qoyur.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3704
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv