Azərbaycan-Türkiyə HƏRBİ İTTİFAQI: Müxalifət İlham Əliyevlə Ərdoğana müraciət etdi

“Bəyanatda Azərbaycan-Türkiyə hərbi əlaqələrinin gücləndirilməsinin vacibliyi önə çəkilib”.

Dünən Demokrat Partiyasının (ADP) qərargahında bir araya gələn müxalifət partiyaları Azərbaycan-Türkiyə hərbi əməkdaşlığınin genişləndirilməsi imkanlarını və ölkədəki mövcud vəziyyəti müzakirə ediblər.

Bu barədə Yenicag.az-a məlumat verən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, toplantıya qatılan partiya sədrləri Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyi məsələsində həmrəy olublar:

“Toplantıya bütün siyasi partiyalar dəvət olunsa da, Müsavat və Xalq Cəbhəsi partiyaları görüşə qatılmadılar. Gündəliyimizdəki iki əsas məsələ – Azərbaycan-Türkiyə hərbi əlaqələrinin yeni müstəviyə çıxarılması və Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində ciddi müzakirələr aparıldı.

Qeyd olunan birinci məsələ ilə bağlı Türkiyə və Azərbaycan prezidentlərinə, o cümlədən, parlamentlərinə ünvanlanan on partiya sədrinin imzaladığı bəyanat qəbul etdik. Bəyanatda Türkiyə-Azərbaycan hərbi əlaqələrinin gücləndirilməsinin vacibliyi önə çəkilib. Bu, sosial sifariş kimi qiymətləndirilib. Ən vacib məsələ isə Qarabağın işğaldan məhz hərbi yolla azad edilməsidir.

Eyni zamanda, toplantıda Dağlıq Qarabağın işğaldan azad olunmasında Türkiyə hərbi qüvvələrindən istifadə edilməsi və bundan sonra problemlərimizin birgə həlli ilə bağlı təkliflər irəli sürülüb.

İkinci məsələ olaraq, ölkədə yaranmış ictimai-siyasi vəziyyət müzakirə edildi. Burada bəzi arzuolunmaz halların yarandığı, müxalifətə qarşı təzyiqlərin davam etdiyi qeyd olundu. Həmçinin hökumətin son vaxtlar atdığı bəzi addımlar da təqdir edildi”.

Səxavət Məmməd