“Azərbaycan–Türkiyə mediası qardaşlığın informasiya cəbhəsidir” – SİNAN BURHANLA MÜSAHİBƏ

media-hightechnic-468x90

 

Türk mediasındakı Azərbaycanın hər zaman haqlı mövqeyini səsləndirən, digər jurnalistləri də bu məsələdə səfərbər edənlərdən biri Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhandır.

Azərbaycanda bir neçə dəfə media forumlar təşkil edən, Qarabağ məsələsindəki həssas münasibət sərgiləyən Sinan Burhan “Yeni Çağ”ın suallarını cavablandırıb.

– Azərbaycan–Türkiyə media münasibətlərini siz necə xarakterizə edərdiniz?

— Azərbaycanla Türkiyə arasındakı media münasibətləri adi peşəkar əlaqə deyil. Bu, qardaşlığın mediaya yansımasıdır. Biz eyni tarixdən gəlirik, eyni ağrıları və eyni zəfərləri yaşamışıq. “İki dövlət, bir millət” anlayışı mediada da gündəlik iş prinsipinə çevrilib. Ona görə də bir-birimizə qarşı məsuliyyətimiz daha böyükdür.

– Bu əməkdaşlıq nə vaxt daha sistemli mərhələyə keçdi?

— Son illərdə münasibətlər daha planlı və strateji xarakter aldı. Media sahəsində imzalanan sənədlər, ortaq platformaların yaradılması bu prosesi sürətləndirdi. Xüsusilə Qarabağ zəfəri dövründə gördük ki, informasiya sahəsində birlik olmasaydı, həqiqətləri beynəlxalq aləmə bu qədər təsirli şəkildə çatdırmaq mümkün olmazdı.

– İnformasiya müharibəsi mövzusu niyə bu qədər ön plandadır?

— Çünki bu gün müharibə təkcə silahla aparılmır. İnformasiya savaşı bəzən cəbhədəki döyüşdən də təhlükəlidir. Qarabağ zəfəri zamanı biz torpaqla yanaşı, informasiya cəbhəsində də mübarizə apardıq. Bu savaş göstərdi ki, media milli təhlükəsizlik məsələsidir. Əgər bu sahədə zəif olsanız, haqlı olduğunuz halda haqsız vəziyyətə düşə bilərsiniz. Media burada milli məsuliyyət daşıyır.

– Sinan bəy, ancaq zaman-zaman Türkiyə mediasında Azərbaycanla bağlı yalan xəbərlər də yayılır. Buna münasibətiniz necədir?

— Açıq demək lazımdır ki, Türkiyə mediası yekdil deyil. Təəssüf ki, dezinformasiya problemi burada da başlıca məsələlərdən biridir. Bəzən məlumatlar yoxlanılmadan yayılır, bəzən mövzu düzgün başa düşülmür və bu, Azərbaycanla bağlı yanlış təsəvvürlər yaradır. Amma bir məqamı xüsusi vurğulamaq istəyirəm: Türkiyə dövləti bu məsələdə son dərəcə həssasdır. Dövlət səviyyəsində Azərbaycanla bağlı mövqe qətidir və dəyişməzdir. Rəsmi Ankara hər zaman Azərbaycanın yanındadır. Media olaraq bizim borcumuz isə yanlış xəbərlərin qarşısını almaq, həqiqəti əsas götürmək və qardaş ölkə ilə bağlı mövzularda daha diqqətli davranmaqdır.

– Qeyri-hökumət təşkilatları ilə birgə layihələrlə bağlı mövqeyiniz də maraqlıdır…

— Media bu yükü təkbaşına daşıya bilməz. QHT-lər, media qurumları və müxtəlif ictimai təşkilatlar birlikdə işləməlidir. Davamlı və təsirli layihələr yalnız bu halda mümkündür. Biz Azərbaycana gəldiyimiz zaman həm Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin o zamankı icraçı direktoru Aygün Əliyeva ilə görüşlər keçirmişdik. Fürsətdən istifadə edib, Aygün xanımı həmin qurumun İdarə Heyətinin sədri seçilməsi münasibətilə bir daha təbrik edirəm. Hesab edirəm ki, bu iki qurum həm media sahəsinin, həm də vətəndaş cəmiyyətinin sağlam istiqamətdə inkişafında mühüm rol oynayır. Ən önəmlisi isə bu qurumların Türk dünyası ilə əməkdaşlığa açıq və sistemli yanaşma sərgiləməsidir. Açıq danışmaq lazımdır ki, uzun illər ərzində yığılıb qalmış problemlərin bir hissəsi məhz son dövrlərdə düzgün istiqamətdə həll olunmağa başlayıb. Burada liderlərin məsələyə baxışı xüsusi əhəmiyyət daşıyır. Cənab Rəcəb Tayyib Ərdoğan ilə cənab İlham Əliyevin media və informasiya siyasətinə verdiyi önəm bir çox məsələnin kökündən həllinə imkan yaradıb. Bu siyasi iradənin icrasında Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsinin və Azərbaycan Prezidentinin bu sahə üzrə məsul köməkçisi Hikmət Hacıyevin xüsusi rolu var. Kənardan müşahidə edən bir jurnalist olaraq, əminliklə deyə bilərəm ki, Hikmət Hacıyev informasiya təhlükəsizliyi, strateji kommunikasiya və beynəlxalq mediada Azərbaycanın mövqeyinin düzgün çatdırılması məsələlərində son dərəcə prinsipial və ardıcıl mövqe ortaya qoyur. Onun nəzarəti və koordinasiyası ilə fəaliyyət göstərən qurumlar təkcə daxili mediada deyil, beynəlxalq platformalarda da daha sistemli və çevik işləməyə başlayıb. Keçmişdə yaşanan bir çox koordinasiya problemi məhz bu yanaşma sayəsində aradan qaldırılıb. Bu da Azərbaycan–Türkiyə media əməkdaşlığının daha sağlam və davamlı şəkildə inkişaf etməsinə ciddi töhfə verir.

– Türk dünyasının ortaq mediası sizcə realdırmı?

— Bu artıq arzu yox, reallığa çevrilən prosesdir. Türk dövlətləri arasında keçirilən media və informasiya toplantıları bunu açıq göstərir. Ortaq media dili və ortaq mövqe formalaşır. Bakı bu prosesdə mühüm mərkəzlərdən birinə çevrilib.

– İllərdən bəri Azərbaycanla ən yaxından çalışan təşkilatın rəhbərisiniz. Birgə keçirilən media forumları bu münasibətlərdə hansı rol oynayıb?

— Qürurla deyə bilərəm ki, keçirtdiyimiz Media forumları əməkdaşlığımızın əsas sütunlarından biridir. 2018-ci ildə Bakıda ilk böyük media forumunu birlikdə keçirdik. Bu forum Türkiyə–Azərbaycan media münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. 2023-cü ildə təşkil olunan forum artıq Qarabağ zəfərindən sonrakı dövrə təsadüf etdi. Burada əsas mövzular informasiya müharibəsi, dezinformasiyaya qarşı mübarizə və Türk dünyasının ortaq media mövqeyinin formalaşdırılması idi. Həmin dövrdə türk jurnalistlərinin Qarabağa, xüsusilə Şuşaya səfərləri də bu əməkdaşlığın real nəticəsi oldu. 2025-ci ildə keçirilən media forumu isə göstərdi ki, münasibətlər daha da dərinləşib. Artıq təkcə xəbər istehsalı yox, kommunikasiya, beynəlxalq təbliğat və media koordinasiyası mövzuları da gündəmdədir. Bu üç forum sübut etdi ki, əməkdaşlığımız təsadüfi deyil, strateji və davamlıdır.

– Şuşaya türk jurnalistlərinin aparılması sizin üçün nə ifadə edir?

— Şuşa sadəcə şəhər deyil, Türkün qızıl almasıdır. Biz illərlə ora həsrət qalmışdıq və onun üçün ilk fürsətdə o qutsal torpaqlara getdik. Biz türk jurnalistlərini Şuşaya aparan ilk qurumlardan biri olduq və bununla qürur duyuruq. Oranı görən jurnalist yazdığı xəbərə də daha məsuliyyətlə yanaşır. Onu da qeyd edim ki, jurnalistləri Şuşaya götürmək ideyası dostum və Azərbaycandakı əsas tərəfdaşımız olan Aqil Ələsgərə aid idi. Bilirsiniz ki, o dövrdə Şuşaya getmək xüsusi icazə tələb edirdi. 40-dan çox xarici vətəndaşın ora getməsi ciddi məsuliyyət tələb edirdi. Ancaq Aqil bəy digər işlərdə olduğu kimi bu məsələdə də sonuna qədər çalışdı və biz Şuşanı gördük, Gövhər Ağa məscidində namaz qıldıq. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Aqil Ələsgərin rəhbərlik etdiyi “Yeni Çağ” Media Qrupu bizim Azərbaycandakı əsas və etibarlı tərəfdaşımızdır. Bu əməkdaşlıq sadəcə rəsmi çərçivədə qalmayıb, real və nəticə verən işlər üzərində qurulub. Aqil Ələsgərlə qurulan qarşılıqlı etimad bu iş birliyinin əsas dayaqlarındandır. Birlikdə ortaq mövqe ortaya qoymuşuq və bunu praktikada da sübut etmişik. İlk dəfə TRT ilə İTV-nin ortaq yayınını da birlikdə gerçəkləşdirib, Xocalı soyqırımı ilə bağlı iki saatlıq canlı yayın etmişik. O canlı yayın təkcə bu iki televiziyada deyil, Türkiyənin 70-dən çox regional televiziyasında da eyni anda yayınlanaraq, mövzunu ölkə gündəminə daşımışıq.

– Azərbaycan mediasına son mesajınızı soruşsaq…

— Azərbaycan və Türkiyə mediası bir-birinə sadəcə tərəfdaş yox, qardaşdır. Xocalının ağrısını da, Qarabağın zəfərini də birlikdə yaşamışıq. Media bu birliyin səsi olmalıdır. Bu səs nə qədər güclü və dürüst olsa, qardaşlığımız da bir o qədər möhkəm olar.

Söhbətləşdi: Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa