Azərbaycan üçün “GÖZƏGÖRÜNMƏZ” TƏHLÜKƏ: Terrorun yeni və səssiz strategiyasının şifrələri

media-hightechnic-468x90

Son illər beynəlxalq təhlükəsizlik mühitində diqqətçəkən əsas tendensiyalardan biri “əl-Qaidə“ və İŞİD terror təşkilatlarının klassik münaqişə zonalarından kənara çıxaraq zəif dövlət institutlarına malik regionlarda möhkəmlənməsidir.

Yaxın Şərq, Afrika və Orta Asiya bu baxımdan yenidən risk xəritəsinin mərkəzinə çevrilir.

Afrika və Şimal Səhra xətti: zəif dövlət, güclü şəbəkə

“Independent“ qəzetinin yazdığına görə, Somali, Cibuti və Afrika ölkələrində radikal qrupların güclənməsi birbaşa dövlət institutlarının zəifliyi ilə bağlıdır. Xüsusən, “əş-Şəbab” ilə ideoloji və taktiki bağlılıqda olan hücrələr logistika, maliyyə və insan resursu baxımından daha sərbəst hərəkət edə bilir.

“Quds al-Arabi” isə yazır ki, bu bölgələrdə radikal qruplar açıq silahlı fəaliyyətə tələsmir; əsas diqqət ideoloji yayılma, yerli icmalarla assimilyasiya və uzunmüddətli “yatmış hücrə” modelinin qurulmasına yönəlib.

Suriyadan Afrikaya və Orta Asiyaya axın

Belə ki, Suriyada müharibənin intensiv fazası bitdikdən sonra minlərlə xarici döyüşçü müxtəlif istiqamətlərə yayılıb. Onların bir hissəsi Afrika qitəsinə, digər qismi isə Əfqanıstan–Pakistan xəttinə yönəlib.

Xüsusilə İŞİD-in “Xorasan vilayəti” qrupu bu boşluğu dolduran əsas təşkilatlardan biri kimi önə çıxır. Orta Asiya mənşəli döyüşçülər üçün bu şəbəkə həm ideoloji, həm də etnik baxımdan daha “uyğun platforma” rolunu oynayır.

İran amili: görünməyən, amma həlledici faktor

“Şarkul Avsat” qəzetinin yazdığına görə, 2015-ci ildə baş verən və ABŞ Dövlət Departamenti hesabatlarında əksini tapan bir fakt xüsusi diqqət çəkir: İran qaçırılmış diplomatının azad olunması qarşılığında “əl-Qaidə”nin altı əsas liderini azad etmişdi. Azad edilənlər arasında Seyf əl-Ədl, Əbu Xeyr əl-Misri və Əbu Məhəmməd əl-Misri kimi fiqurlar vardı.

Qəzet qeyd edirdi ki, İranda qalan “əl-Qaidə” rəhbərliyi formal həbsdə deyildi, sadəcə ölkədən çıxışları məhdudlaşdırılmışdı. Bu isə onlara regional strategiya müzakirələrində daha rahat iştirak imkanı verirdi.

ABŞ hesabatlarına əsasən, 2016–2020-ci illər arasında İran ərazisi “əl-Qaidə” üçün maliyyə ötürülməsi və kadr tranziti baxımından mühüm qovşaq olaraq qalmaqda davam edib. Son məlumatlar isə Seyf əl-Ədlin yenidən İrana qayıdaraq təşkilatın əsas qərarlarının məhz buradan verildiyini göstərir.

Avropa və “sakit məskunlaşma” modeli

Avropa təhlükəsizlik qurumlarının rəyinə görə, Avropaya yerləşən radikal elementlər açıq fəaliyyətə üstünlük vermir. Onlar sosial uyğunlaşma, ailə qurma və icma içində görünməz mövqe tutmaqla “uzunmüddətli gözləmə strategiyası” yürüdürlər.

Bu model “əl-Qaidə”nin klassik yanaşmasına uyğundur: əvvəl cəmiyyətə inteqrasiya, sonra ideoloji təsir, sonda isə uyğun anda aktivləşmə.

Azərbaycan konteksti: ideoloji risklər

Bu ümumi mənzərə fonunda Azərbaycan üçün əsas risk birbaşa silahlı təhlükə deyil, ideoloji təsir mexanizmlərinin daxildən zəiflədici rol oynamasıdır. Təhlükəsizlik müşahidəçiləri bildirirlər ki, Azərbaycanda terror aktları üçün açıq şərait olmasa da, sosial şəbəkələr üzərindən radikal fikirlərin dolayı yolla yayılması riski qalır. Xüsusilə bəzi dini-ictimai fiqurların çıxışlarında təhlükəsizlik məsələlərinin emosional və ya birtərəfli təqdim edilməsi gənclər arasında çaşqınlıq yarada bilər.

Bu kontekstdə müzakirələrdə adı çəkilən Əlixan Musayev və Veysəl Orucov kimi şəxslərin səsləndirdiyi radikal və fitnə doğurucu fikirlərin də cəmiyyətdə müxtəlif reaksiyalar doğurduğu müşahidə olunur. Radikal qrupların əsas strategiyası məhz bu tip mübahisəli diskurslardan istifadə edərək dövlətçilik anlayışını aşındırmaq, gənclərdə sistemə qarşı etimadsızlıq formalaşdırmaqdır. Bu, “əl-Qaidə” və İŞİD-in klassik yanaşmasına uyğundur: əvvəl ideoloji zəmin yaradılır, daha sonra bu zəmin uzunmüddətli “yatmış hücrə” strategiyası üçün istifadə olunur.

Mütəxəssislərin qənaətinə görə, Azərbaycan üçün əsas çağırış ayrı-ayrı şəxslərdən daha çox, radikal ideologiyaların ictimai müzakirə adı altında legitimləşdirilməsi riskidir. Bu səbəbdən təhlükəsizlik məsələsinə yalnız hüquqi və güc prizmasından deyil, həm də media məsuliyyəti, sağlam analitik dil və gənclərin ideoloji immunitetinin qorunması kontekstində yanaşmaq zərurəti daha da aktuallaşır.

Mədrəsə xətti və erkən yaş radikallaşması

Bəzi mənbələr Sudan və digər Afrika ölkələrində “mədrəsə fəaliyyəti” adı altında aparılan qeyri-şəffaf şəbəkələrə diqqət çəkir. İddialara görə, Azərbaycandan da olan radikallar “əl-Qaidə”nin təsir dairəsində olan bölgələrdə fəaliyyət göstərib, azyaşlı uşaqları rəsmi təhsildən uzaqlaşdırıb, kamikadze hazırlayırlar.

Təhlükəsizlik mütəxəssislərinin qiymətləndirməsinə görə, erkən yaşdan qapalı çevrədə formalaşdırılan alternativ kimlik gələcəkdə “yatmış hücrə” modelinin əsas insan resursunu yaradır. Azərbaycandan da bəzi ailələrin uşaqları məhz belə düşərgələrdə yetişdirilməkdədir.

Təhlükəsizlik məsələsinə həm də hansı prizmadan baxmalıyq?

Mövcud mənzərə göstərir ki, “əl-Qaidə” və İŞİD artıq yalnız silahlı hücumlarla deyil, ideoloji, sosial və institusional boşluqlar üzərindən hərəkət edir. Somali, Səhra bölgəsi, Orta Asiya və Yaxın Şərq bu strategiyanın ön cəbhəsidirsə, digər ölkələr üçün əsas risk gizli radikallaşma və uzunmüddətli ideoloji təsirdir.

Bu baxımdan, təhlükəsizlik məsələsinə yalnız güc prizmasından deyil, ideoloji və sosial müdafiə mexanizmləri kontekstində yanaşmaq zərurəti getdikcə daha aydın görünür.

Camal Cavanşir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05