Azərbaycan və Çin: Yeni qlobal siyasət dəhlizində güc birləşməsi - Fərid Şahbazlı yazır
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də qlobal geosiyasi transformasiyalar fonunda olduqca əhəmiyyətli strateji hadisə kimi qiymətləndirilməlidir. Bu səfər, Azərbaycanın özünün çoxşaxəli və müstəqil xarici siyasət strategiyasını ardıcıl şəkildə reallaşdırdığını, dünya siyasətində yeni güc mərkəzlərinin formalaşdığı bir mərhələdə prinsipial mövqeyindən geri çəkilmədiyini bir daha nümayiş etdirdi.
İqtisadi aspektdən yanaşdıqda, səfər Azərbaycan üçün bir sıra həyati əhəmiyyət daşıyan istiqamətlər üzrə yeni imkanlar açdı. Çin, dünya iqtisadiyyatında getdikcə daha çox təsir gücünə malik olan bir aktor kimi, Azərbaycan üçün yalnız ticarət tərəfdaşı deyil, həm də strateji investisiya mənbəyi kimi çıxış edir. Bakı ilə Pekin arasında imzalanan sənədlər, xüsusilə də logistika, enerji, bərpa olunan enerji, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın yeni mərhələyə keçdiyini təsdiqləyir. Azərbaycanın Orta Dəhlizin əsas sütunlarından biri kimi rolu, Çin tərəfindən təkcə iqtisadi layihə kontekstində deyil, həm də geosiyasi risklərin azaldılması baxımından strateji fürsət kimi dəyərləndirilir. Məhz bu səbəbdən Çin, Azərbaycanın nəqliyyat və logistika potensialına daha böyük həcmdə sərmayə qoymağa hazır olduğunu nümayiş etdirdi.
Eyni zamanda, yaşıl enerji sahəsində əldə olunan razılaşmalar Azərbaycanın energetika sektorunda diversifikasiya strategiyasının həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq. Çin texnologiyası və kapitalı Azərbaycanın bərpa olunan enerji üzrə ambisiyalarını sürətlə reallaşdırmağa imkan verəcək ki, bu da ölkənin yalnız iqtisadi təhlükəsizliyini deyil, həm də ekoloji dayanıqlılığını təmin etmək baxımından həyati əhəmiyyət daşıyır. Kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması barədə əldə olunan razılıqlar isə Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialının artırılması strategiyasına güclü dəstək verəcəkdir.
Siyasi müstəvidə İlham Əliyevin səfəri Azərbaycanın beynəlxalq sistemdə suverenliyə, beynəlxalq hüquqa və çoxqütblü dünya nizamına sadiqliyinin təsdiqi oldu. Çinlə aparılan danışıqlarda vurğulanan əsas məqamlardan biri də beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipinin əhəmiyyətidir. Bu prinsipial yanaşma, Azərbaycanın uzun illərdir təbliğ etdiyi və uğurla həyata keçirdiyi müstəqil siyasət kursunun Çin kimi qlobal güc tərəfindən dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. İlham Əliyevin səfər zamanı beynəlxalq hüququn aliliyinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə sadiqlik çağırışı təkcə ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də dünya siyasətindəki ədalətsizliklərə qarşı ümumi mübarizənin tərkib hissəsi kimi qəbul edilməlidir.
Çin Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstək ilə Cənubi Qafqaz regionunda Azərbaycanın legitim mövqeyinin güclənməsinə mühüm töhfə verdi. Bu dəstək təkcə siyasi baxımdan deyil, həm də beynəlxalq iqtisadi təşəbbüslərdə Azərbaycanın rolunun artırılması baxımından xüsusi strateji önəm kəsb edir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat, enerji və rəqəmsal layihələrin beynəlxalq bazarlarda daha geniş qəbul olunmasına belə bir dəstək ciddi təkan verəcək.
Bu səfərin başqa bir mühüm nəticəsi isə viza rejiminin qarşılıqlı sadələşdirilməsi oldu. Bu qərar humanitar əlaqələri, turizmi və biznes münasibətlərini təşviq etməklə yanaşı, iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın daha da dərinləşməsinə xidmət edəcək. Xüsusən də Çin şirkətlərinin Azərbaycan bazarında daha fəal iştirakına şərait yaratmaqla, Azərbaycanı Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında iqtisadi cəlbediciliyi daha da artan bir mərkəzə çevirəcək.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən strateji addım oldu. Bu səfər Azərbaycanın öz milli maraqlarına söykənən, müstəqil, çoxqütblü və balanslı xarici siyasət strategiyasını uğurla davam etdirdiyini göstərdi. Azərbaycan bu gün təkcə regional lider deyil, həm də Avrasiya məkanında yeni geosiyasi reallıqlar fonunda müstəqil aktor kimi mövqeyini getdikcə daha da gücləndirir.
Azərbaycan, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əsas dəstəkçilərindən biri olmaqla, Avrasiya qitəsinin mühüm geosiyasi və iqtisadi körpüsüdür. Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe, Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasındakı ticarət əlaqələrini qısa və təhlükəsiz bir marşrut üzərində gücləndirir. Bu fakt, Çin üçün Azərbaycanın nəqliyyat və logistika sahəsindəki potensialını əvəzolunmaz edir. Eyni zamanda, Azərbaycan, enerji təhlükəsizliyi baxımından da Çin üçün vacib tərəfdaşdır. Azərbaycanın geniş enerji resursları və inkişaf edən bərpa olunan enerji sektoru, Çinin enerji ehtiyaclarını qarşılamağa kömək edir və eyni zamanda Pekin üçün yeni sərmayə imkanları yaradır. Azərbaycanın regional sabitliyi və beynəlxalq hüquqa hörməti, Çin üçün öz mövqeyini beynəlxalq arenada möhkəmləndirmək baxımından əhəmiyyətlidir.
Beləliklə, Azərbaycan Çin üçün təkcə iqtisadi deyil, həm də strateji baxımdan mühüm tərəfdaşdır.
Fərid Şahbazlı
Siyasi şərhçi