Azərbaycan Xalça Muzeyi ictimaiyyətə açıq elan olundu

media-hightechnic-468x90

1409651626 Sentyabrın 2-də Azərbaycan Xalça Muzeyinin ictimaiyyət üçün açıq elan olunması münasibətilə tədbir keçirilib.
Tədbirdə KİV təmsilçiləri, turizm şirkətləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Bu günün hamı üçün əsl bayram olduğunu vurğulayam Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva 50 ilə yaxındır bu binanı gözlədiklərini söyləyib.
O, yeni binaya və orada yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bu gün xalça sənətimizin dünyada geniş şəkildə təbliğ olunmasından söz açan Röya Tağıyeva bildirib ki, bu işdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu danılmazdır. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə “Azərbaycan xalça sənəti” 2010-cu ildə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Tədbirdə muzeyi ziyarət etməyə gələn ilk tamaşaçıya hədiyyə olaraq dəstərxan verilib.
Sonra tədbir iştirakçıları muzeylə yaxından tanışlıq olublar.
Bildirilib ki, muzeyin 1-ci mərtəbəsində satış mərkəzi yerləşir. Əsas ekspozisiyalar 2-ci, 3-cü və 4-cü mərtəbələri əhatə edir.
İkinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr haqqında məlumatlar öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, arxeoloji qazıntılar zamanı tapılmış və toxuculuqda tətbiq edilən alətlər, müxtəlif məmulatların 
qalıqları bu sənətin Azərbaycan ərazisində hələ Tunc dövründən başlandığından xəbər verir. Azərbaycan xalça sənətinin keçdiyi təkamül yolu, onun sadə və bəsit növləri sayılan həsirdən başlayaraq daha mükəmməl texnoloji formalara (Cecim, Ladı, Palaz, 
Kilim, Şəddə, Vərni, Zili, Sumax və s.) yüksəlmə prosesi ekspozisiyanın bu mərtəbəsinin ana xəttini təşkil edir. Eyni zamanda bu mərtəbədə yun qırxımı, onun yuyulması və daranması, ipliyin alınması və boyanması kimi bilavasitə xalça istehsalından öncə gələn mərhələlər ardıcıl şəkildə göstərilir. Azərbaycan xalçaçılıq
sənətinin qədim köklərini təsdiqləyən və ölkənin ayrı-ayrı bölgələrindən aşkarlanan arxeoloji tapıntılar da ekspozisiyanın bu mərtəbəsində sərgilənir. Bundan başqa yerli əhalinin müxtəlif toxuma üsulları ilə hazırladıqları xovsuz xalça məmulatlarını çul, xurcun, heybə, duz torbası və s. kimi əşyaları görmək olar. Bu əşyalardan Azərbaycan xalqının gündəlik həyatında və məişətində ənənəvi istifadə edilirdi. Bu mərtəbədə yerli əhalinin çox qədim zamanlardan yaylaqlarda qurduğu mövsümü məskən hesab edilən alaçıq haqqında ətraflı məlumat verilir. 
Azərbaycan xalça məktəblərini əhatə edən üçüncü mərtəbədə, həmçinin Xalça Muzeyinin yaradıcısı, Xalq Rəssamı Lətif Kərimovun xalça məktəbləri xalçası və büstü də nümayiş olunur.
     Müasir xalçaların təqdim edildiyi muzeyin 4-cü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir. Xalça sənətinin davamlı inkişafında önəmli xidmətləri olan “Azərxalça” istehsalat birliyinin fəaliyyət istiqamətləri açıqlanır.
Burada həmçinin, xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş Xalq Rəssamı Kamil Əliyevin həyat və yaradıcılığı ətraflı şəkildə işıqlandırılır. Muzeyin ekspozisiyasında XX əsrdə çalışan və hazırda yaradıcılıqlarını davam etdirən tanınmış rəssamların yaratdığı müasir xalça və incəsənət əsərləri nümayiş etdirilir.
Ekspozisiyada Azərbaycan xalça muzeyinin keçdiyi tarixi yola nəzər salınır, dövlətimizin bu qədim sənətə göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Burada Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə bağlı məlumata xüsusi guşə ayrılıb.
Ekspozisiyada, həmçinin muzeyin Şuşa filialının sənət nümunələri haqqında da ətraflı məlumatlar öz əksini tapıb. Vurğulanıb ki, yeganə olaraq Şuşa muzeyindən bütün eksponatlar çıxarılıb və hazırda muzeydə nümayiş olunur.  
Burada, eyni zamanda Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var.
Dördüncü mərtəbədəki kinozalda isə xalça sənəti haqqında filmlər nümayiş olunur.
Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblı və “Azərbaycan ritmləri” mahnı və rəqs ansamblı muzey ziyarətçilərinə xoş ovqat bəxş edib. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600