MİDA-nın “ildırımsürətli” SATIŞLARI: Ümidlər 60 saniyədə necə “qətlə yetirilir”?
Bu gün MİDA-nın keçirdiyi mənzil satışı yenidən böyük narazılıq dalğası yaradıb. Bir dəqiqənin içində bütün evlərin “satılıb bitməsi” sosial şəbəkələrdə kəskin etirazlarla qarşılanıb və köhnə suallar, köhnə ittihamlar yenidən gündəmə çıxıb.
Yenicag.az-ın müşahidəsinə görə vətəndaşlar sosial mediada yazırlar ki, sistem açılan kimi ya donur, ya səhv verir, ya da daxil olduqları an artıq “bütün mənzillər satılıb”. Uzun müddət növbə gözləyən, illərlə bu günü gözləyən insanlar bir neçə saniyəyə oyundankənar vəziyyətdə qaldıqlarını deyirlər. İnsanlar açıq şəkildə soruşurlar: “Bu, bərabər şansdır, yoxsa artıq hər şey əvvəlcədən bölünüb, bizə sadəcə tamaşa göstərilir?” Sosial mediada səslənən digər konkret ittihamlar da kifayət qədər sərtdir. Bir qisim istifadəçi iddia edir ki, bu cür sürətlə başa çatan satış şəffaflıqdan çox uzaq görünür və “adi vətəndaş üçün yox, əvvəlcədən müəyyən olunmuş dairə üçün” işləyir. Bəziləri yazır ki, real alıcıya nə mənzil planı ilə tanış olmaq, nə mərtəbə seçmək, nə də sakit şəkildə qərar vermək üçün vaxt qoyulmur – hər şey “kim sürətli klik etdi, o da aldı” prinsipi ilə aparılır, bu da sosial ədalət anlayışı ilə kəskin ziddiyyət təşkil edir. Narazı vətəndaşların bir başqa iradı isə odur ki, MİDA sosial ədalət və əlçatanlıq şüarı ilə çıxış etsə də, real nəticədə bu layihələrdən daha çox nisbətən imkanlı təbəqənin yararlandığı görüntüsü yaranır. Şərh yazanlar bildirir ki, ilkin ödəmələr və aylıq ödənişlər bir çox gənc ailə üçün faktiki olaraq ağır yükdür, amma buna baxmayaraq, yenə də mənzil əldə etmək şansı tapa bilmirlər. Nəticədə, “nə qiymətlər bizə uyğun, nə də sistem bizi nəzərə alır” kimi emosional fikirlər səsləndirilir. Bundan əlavə, bəzi istifadəçilər MİDA-nın ictimaiyyətə verdiyi məlumatları yetərli hesab etmir, açıqlamaların çox ümumi, cavabların isə formal xarakter daşıdığını deyirlər. İddia olunur ki, hər satışdan sonra eyni ssenari təkrarlanır: evlər saniyələr, dəqiqələr içində “yoxa çıxır”, insanlar haqlı-haqsız əsəbiləşir, amma sonra məsul qurumdan yalnız texniki izahlar gəlir, konkret məsuliyyət və şəffaf mexanizm isə yenə görünmür. Hazırkı satışla bağlı paylaşımlarda ton xeyli emosionaldır: insanlar özlərini aldadılmış, prosesdən kənarda saxlanılmış, haqsız rəqabət şəraitində buraxılmış hiss etdiklərini yazırlar. Onların gözləntisi odur ki, bu dəfə sadəcə “araşdırılacaq” və “baxılacaq” tipli açıqlamalarla kifayətlənilməsin, real mexanizm dəyişsin, şəffaflıq və bərabər şans hissi təkcə kağız üzərində yox, praktikada da hiss olunsun.
Camal Cavanşir












