Azərbaycana qarşı artan kiberhücumlar: "Risk ondadır ki, bank sistemləri..."

media-hightechnic-468x90

“Azərbaycan siyasi və coğrafi mövqeyinə görə kiberhücumlar təşkil edən belə qruplaşmaların diqqətindədir”.

Bunu Azərbaycana qarşı artan kiberhücumlar barədə fikirlərini Yenicag.az-la bölüşən İTK mütəxəssisi Elvin Abbasov deyib.

E. Abbasov qeyd edib ki, bu kimi halları panikaya səbəb olacaq təhlükə kimi yox, xəbərdarlıq siqnalı kimi görmək lazımdır:

“Bu məsələ çox aktualdır, çünki artıq beynəlxalq haktivist qruplaşmalar yalnız böyük dövlətləri deyil, region ölkələrini də hədəfə alır. “Red Wolf” kimi qruplar, əsasən, siyasi mesaj vermək məqsədi güdür və onların əsas silahı DDoS hücumlarıdır. Bu tip hücumlar dövlət qurumlarının, bankların və hətta media resurslarının fəaliyyətini müvəqqəti dayandıra bilər. Azərbaycan üçün reallıq odur ki, ölkəmiz siyasi və coğrafi mövqeyinə görə belə qruplaşmaların diqqətindədir. Bu hücumlar strateji məlumatların oğurlanmasından daha çox, imic zərbəsi məqsədi daşıyır, yəni hansısa dövlət qurumunun saytını bir neçə saat əlçatmaz etmək, cəmiyyətdə narahatlıq yaratmaq və bu yolla özlərini güclü göstərmək istəyirlər. Risk ondadır ki, kritik informasiya infrastrukturları, bank sistemləri, enerji sektoru, dövlət informasiya resursları bu hücumlara qarşı yetərincə qorunmalıdır. Dövlət qurumlarının tövsiyə etdiyi kimi, şəbəkə monitorinqinin gücləndirilməsi, loqların mütəmadi yoxlanılması, DDoS-a qarşı müdafiə həllərinin tətbiqi mütləqdir.

Mənim fikrimcə, bu kimi halları panikaya səbəb olacaq təhlükə kimi yox, xəbərdarlıq siqnalı kimi görmək lazımdır. Çünki Azərbaycan hələ ki, daha çox düşmən imicini göstərmək məqsədli aksiyaların hədəfidir, lakin bu da o deməkdir ki, gələcəkdə kritik sistemlərimizi hədəfləyən real hücum riskləri mövcuddur. Ona görə də həm dövlət, həm özəl sektor kibertəhlükəsizliyə daha çox sərmayə yatırmalı, əməkdaşlarını maarifləndirməlidir”.

Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik portalı – “TechOwlShield”in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüterəsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanın da hədəf ölkələr sırasında yer aldığı barədə məlumat paylaşıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa