Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ
Milli Məclis dövlət ümumi təhsil ocaqlarında müəyyən olunmuş geyim qaydalarına əməl edilməsinin hüquqi tərəfini üçüncü oxunuşda təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Bildirilib ki, şagirdlərlə bağlı qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliyin əsas qayəsi mövcud qaydaların hüquqi bazasını daha da dəqiqləşdirmək və onların bütün dövlət məktəblərində vahid yanaşma ilə tətbiqini təmin etməkdir.
Sənəddə həmçinin müəllimlər üçün də geyimlə bağlı hüquqi zəminin yaradılması xüsusi qeyd edilib.
Vurğulanıb ki, bu addım dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və korporativ mədəniyyətin daha da gücləndirilməsinə xidmət edir.
Layihə aparılan müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul olunub.













