“Təklif tələbi üstələsə...” - İdxalın artması ƏTİ UCUZLAŞDIRACAQ?
“Ölkəyə ət idxalının artması nəzəri baxımdan bazarda təklifin genişlənməsinə səbəb olduğu üçün qiymətlərə aşağı istiqamətdə təsir göstərə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Ekspert son vaxtlar ölkəyə ət idxalının artmasının qiymətlərin enməsinə təsir göstərə biləcəyini bildirsə də, bunun avtomatik olaraq pərakəndə satış qiymətlərinin ucuzlaşacağı anlamına gəlmədiyini vurğulayıb:
“Qiymətin formalaşmasına idxal olunan ətin həcmi, onun hansı qiymətlə gətirilməsi, yerli istehsalın vəziyyəti, logistika və saxlama xərcləri, valyuta məzənnəsi, eləcə də bazardakı tələb səviyyəsi təsir edir. Əgər idxal davamlı xarakter alarsa, bazarda kifayət qədər rəqabət yaransa və təklif tələbi üstələsə, qiymətlərdə müəyyən sabitləşmə, ya cüzi ucuzlaşma müşahidə oluna bilər. Bununla yanaşı, yem, yanacaq, əməkhaqqı və digər istehsal xərcləri yüksək olaraq qalarsa, idxalın artması qiymətlərin ciddi şəkildə aşağı düşməsi üçün kifayət etməyə bilər. Bu baxımdan yaxın dövrdə ət idxalının artması daha çox qiymət artımının qarşısını alan amillərdən biri kimi qiymətləndirilə bilər. Bazarda nəzərəçarpacaq ucuzlaşma isə yalnız təklifin davamlı şəkildə artması və digər xərc amillərinin sabit qalması halında mümkün ola bilər”.
Cəvahir













