Siyasi görüş yox, BU DETAL GÜNDƏM OLDU: Makron nə məsciddə, nə də sarayda eynəyini çıxardı
Fransa Prezidenti Emmanuel Makron uzun illərdən sonra Suriyaya səfər edən ilk Avropa İttifaqı (Aİ) lideri olub. Fransa tərəfindən Suriyaya prezident səviyyəsində 17 illik fasilədən sonra reallaşan bu ilk rəsmi səfər çərçivəsində Makron paytaxt Dəməşqə gəlib.
Yenicag.az xəbər verir ki, Suriya lideri Əhməd əş-Şara ilə tarixi Əməvilər məscidini və Qədim Dəməşq bölgəsini ziyarət edən, həmçinin şərəfinə verilən rəsmi şam yeməyinə qatılan Makronun gün eynəyini heç çıxarmaması dünya gündəminə damğa vurub.

Suriyanın Prezident Administrasiyasının mətbuat müşaviri Əhməd Müvəffəq Zeydan bildirib ki, dövlət başçılarının Əməvilər məscidini də əhatə edən gəzintisindən sonra Suriya lideri qonaq prezidentin şərəfinə Qədim Dəməşqdəki restoranların birində şam yeməyi verib. İki ölkə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli dəyirmi masa görüşü də keçirilib.
Səfərin siyasi əhəmiyyəti ilə yanaşı, Makronun nə məsciddə, nə də sarayda verilən yemək zamanı gün eynəyini bir anlıq belə çıxarmaması diqqətdən qaçmayıb. Sosial şəbəkələrdə ən çox müzakirə olunan bu mövzu ilə bağlı Fransa liderinin göz xəstəliyindən əziyyət çəkdiyi iddia edilir.

Makron daha əvvəl yanvar ayında qatıldığı Davos Sammitində də eynəyini heç çıxarmamış və məsələyə bu şəkildə aydınlıq gətirmişdi:
“Gözümün bu xoşagəlməz görünüşünə görə üzr istəyirəm. Bu, bir pələng gözüdür. Qətiyyətin rəmzidir”.

Qeyd edək ki, Makron sosial media hesabından Suriya səfəri ilə bağlı etdiyi paylaşımda bu fikirləri qeyd edib:
“Buraya Suriya xalqına Fransanın dəstəyini ifadə etmək üçün gəlmişəm. Suveren, birliyini öz rəngarəngliyində qoruyan və qonşuları ilə sülh şəraitində yaşayan bir Suriya üçün buradayıq. Gəlin, birlikdə sabitlik və sülh naminə yeni bir səhifə açaq”.
Məsimə Məmmədova













