Azərbaycanda 10 bələdiyyə Avropa İttifaqının iqlim təşəbbüsünə qoşuldu
Azərbaycanda 10 bələdiyyə Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsünə qoşulub.
Yenicag.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, enerji səmərəliliyi sahəsində Azərbaycanda görülən işlər çoxşaxəlidir: “Bu gün xüsusilə vurğulamaq istədiyimiz məsələ yerli özünüidarəetmə orqanlarının roludur. Bu baxımdan Merlər Razılaşması təşəbbüsü bələdiyyələr üçün mühüm platformadır. Bu təşəbbüs yerli səviyyədə enerji səmərəliliyi tədbirlərinin sistemli şəkildə planlaşdırılmasına, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, istixana effekti yaradan qaz emissiyalarının azaldılmasına, iqlim dayanıqlılığının artırılmasına real mexanizmlər təqdim edir”.
C. Mikayılov qeyd edib ki, Azərbaycanda bu təşəbbüsə qoşulan bələdiyyələrin bir çoxunun Fəaliyyət Planları mövcuddur və icra edilməkdədir: “Bu gün burada həmin təcrübələr haqqında daha ətraflı məlumat əldə edəcəyik. Tədbirimizin əsas məqsədi də məhz bu uğurlu nümunələri digər bələdiyyələrimizlə bölüşmək və qərarvermə üçün məlumatlı zəmin yaratmaqdır”./Report












