Azərbaycanda bank işçilərinin “quldurluğu”
Azərbaycanda bank işçilələrinin bu əməlini quldurluq adlandırmaq olar. Sosial şəbəkələrdə yayılan məlumata görə, “Qafqaz İnkişaf Bankının” əməkdaşları borclu olan vətəndaşın evinə zorla soxularaq onları çölə atıblar.
Hadisə Sumqayıt şəhərində baş verib. Bankdan 8000 manat borc pul götürən ailə başına gələn dəhşətli hadisənin şokundadırlar. Onlar borcu vaxtında ödəyə bilməyiblər. Bu səbəbdən bank işçiləri zorla onların evlərinə soxulublar. Ailə üzvlərinin hamısını qovaraq qapını bağlayıblar. Ev sahibləri başqa yerdən borca-xərcə girib banka olan borclarını qaytarmaq istəyəndə isə gec olub. Bankdan onlara bildiriblər ki, artıq ev 15 000 manata satılıb.
Ailə üzvləri müxtəlif strukturlara yardım üçün müraciət etsələr də, onlara yardım edən tapılmayıb. İndi bank işçilərinin özbaşınalığı ucbatından bir azərbaycanlı ailəsinin çöllərdə qalmaqdan başqa çarəsi yoxdur.
Maraqlıdır, görəsən, banka olan borcun geri qaytarılması üçün daha sivil bir üsul yox idimi? XXI əsrdə Azərbaycanda belə hadisələrin baş verməsi utancvericidir(milli.az).