Azərbaycanda bloger saxlanıldı
Tanınmış azərbaycanlı bloger Mehman Hüseynov bu səhər saxlanılıb. Hadisə səhər saatlarında baş verib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Reportyorların Azadlığı və Təhlükəsizli İnstitutunun rəhbəri Emin Hüseynovun “Turan”a verdiyi məlumata görə, Mehman Hüseynov “Toyota-Prado” markalı avtomobilə mindirilib və naməlum istiqamətdə aparılıb.
Hadisədən bir necə saat sonra onun buraxıldığı barədə informasiya da yayılıb. Məlumata görə, o Nəsimi Rayon Polis İdarəsinə, 22-ci polis bölməsinə aparılıb.
Orada o blogerə bildirilib ki, barəsində şikayət var. Mehman Hüseynova deyilib ki, aprel ayında hansısa fahişəxana haqqında reportaj hazırlamaq üçün ora gedib və obyektin sahibinin kimliyi ilə maraqlanıb. Onun qarşısına çıxan adam bu barədə məlumat verməkdən imtina etdikdə isə bloger onu ifşa edəcəyi ilə hədələyib. Həmin şəxs Mehman Hüseynov tərəfindən hədələndiyini iddia edərək, polisə şikayət ərizəsi yazıb.
Mehman Hüseynov isə deyir ki, belə bir hadisə baş verməyib: “Ya məni şərləmək istəyirlər, ya da kimsə mənim adımdan istifadə edib”.
Qeyd edək ki, M.Hüseynov sosial şəbəkənin ən məşhur səhifələrindən olan “Sancaq”ın qurucularındandır.