Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək.
Yenicag.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
Yeni qanun layihəsinə əsasən, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.
İclasda bildirilib ki, indiyə qədər təhsilini başa vurmayan şəxslər sənəd ala bilmirdilər, lakin yeni qanun layihəsinə əsasən, həmin şəxslərə hansı sinfə qədər təhsil aldığı barədə sənəd veriləcək.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
www.yenicag.az