!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu qanun dəyişir – Kredit üçün müraciət edərkən...

!Reklam – Yazi

Kredit tarixçəsi subyektlərinin-barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları daxil edilir. Bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.

Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq. Hazırda müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bütün dünyada kredit tarixçəsi məsələsi önəmlidir.

“Çünki kredit tarixçəsi kredit faizlərinə belə təsir göstərir. Yəni yaxşı müştəri (davamlı şəkildə öz kreditini ödəyən və yaxşı kredit tarixçəsi olan müştəri – N.C) həmişə daha aşağı faizlə kredit götürür. Azərbaycanda təəssüf ki, bu daha çox kreditin verilib-verilməməsinə şamil olunur. Ona görə də bu məsələdə ən vacib detallardan biri budur ki, yaxşı kredit tarixçəsi olan hüquqi və fiziki şəxslər daha ucuz və daha aşağı faizli kredit götürməlidirlər”, – deyə o bildirib.

Bank məlumatlarının bölüşdürülməsi məsələsindən danışan N.Cəfərli qeyd edib ki, bu, “Bank sirri haqqında” qanunla tənzimlənir.

“Bu məsələnin qanuna zidd, yaxud zidd olmamasına baxmaq lazımdır. Yəni qanun insanların şəxsi məlumatlarını bölüşməyə icazə verirmi? Yoxsa, orada ancaq reytinq nəzərdə tutulacaq? Yəni kredit tarixçəsinin reytinqi ola bilər. Necə ki, sürücülərdə bal sistemi var ki, 20 bal yığmısansa, səni sürücülük vəsiqəndən məhrum edə bilərlər. Ola bilər ki, insanların şəxsi məlumatlarını çox da açıqlamadan yalnız onların kredit balları göstərilə bilər. Məsələn, 0 bal ən yaxşı, 10 bal isə ən pis göstəricidir. Belə bir yanaşma mümkündür, amma bir şərtlə ki, yaxşı kredit tarixçəsi olan şəxslər də yaxşı kredit tarixçəsi olmasına maraqlı olsun. Çünki daha aşağı faizlə kredit əldə edə bilsinlər. Belə bir yanaşma ortaya qoyularsa, həm vətəndaşlar, həm də bank sistemi üçün normal yanaşma görə bilərik”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv