!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dönərdən zəhərlənənlərin sayı niyə artır? – SƏBƏBLƏR

!Reklam – Yazi

“Fast food” qidalarının hazırlanması prosesi zamanı bəzi qida təhlükəsizliyi qaydalarına əməl olunmaması, eləcə də qida məhsullarının saxlama şəraitinin uyğun olmaması zəhərlənmə riskini artırır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.

Son günlər “fast food qida növü olan dönərdən zəhərlənmə hallarının səbəbləri və atılması lazım olan vacib addımlar barədə danışan mütəxəssisin sözlərinə görə, Azərbaycanda “fast food” qida növlərindən olan dönərdən zəhərlənmələrin sayının artması ciddi narahatlığa səbəb olur.

“Baş verən zəhərlənmə halları bu sahədə ciddi araşdırma və müvafiq tədbirlərin görülməsini zəruri edir. “Fast food” qidalarının hazırlanması prosesi zamanı bəzi qida təhlükəsizliyi qaydalarına əməl olunmaması, eləcə də qida məhsullarının saxlama şəraitinin uyğun olmaması zəhərlənmə riskini artırır. Zəhərlənmələrin bəzi ümumi səbəblərini qeyd edə bilərik. Dönər hazırlayan müəssisələrdə işçilərin sanitar-gigiyena qaydalarına riayət etməməsi, qida məhsullarının müvafiq temperaturda saxlanılmaması, qida zəhərlənmələrinin baş verməsinin əsas səbəblərindən biridir. Dönərin hazırlanmasında istifadə olunan ət və tərəvəzlərin keyfiyyəti, onların təzə və sağlam olması vacibdir. Keyfiyyətsiz və ya süni qatqılarla zəngin olan məhsulların istifadəsi zəhərlənmə riskini artırır”.

A.Vəliyev qeyd edib ki, dönərin hazırlıq prosesi tez-tələsik həyata keçirildiyindən, sanitariya və gigiyena qaydalarına əməl olunmaması hallarına rast gəlmək mümkündür.

“Bu da mikroorqanizmlərin yayılmasına və qida zəhərlənmələrinin baş verməsinə səbəb ola bilir. Bu kimi halların qarşısını almaq üçün bəzi zəruri addımlar atılmalıdır. Dönər yeyərkən yalnız etibarlı və sanitar şəraitdə fəaliyyət göstərən müəssisələrdən seçim etmək önəmlidir. İstehlakçılar dönərin hazırlanma prosesini, istifadə olunan inqrediyentlərin keyfiyyətini və işçilərin sanitar-gigiyena standartlarına riayət etməsini yoxlamalı və müşahidə etməlidir. Cəmiyyətin qida təhlükəsizliyi haqqında maarifləndirilməsi vacibdir. Şagirdlər, tələbələr və gənclər arasında sağlam qidalanma vərdişləri aşılanmalı, “fast food” istehlakının riskləri barədə məlumat verilməlidir”.

“Maarifləndirmə kampaniyaları vasitəsilə gənclərin sağlam qidalanma və qida təhlükəsizliyi haqqında məlumatlandırılması zəhərlənmə hadisələrinin azaldılmasına kömək edə bilər. Qida istehsalçıları üçün mövcud olan sanitar-gigiyena qaydaları daha da sərtləşdirilməli, müvafiq sertifikatlaşdırma sistemləri tətbiq edilməlidir. Bununla yanaşı, qida istehsalında istifadə olunan inqrediyentlərin keyfiyyətinə ciddi nəzarət edilməlidir.

Müxtəlif müəssisələrdə qida istehsalında təhlükəsiz qida praktikalarının tətbiqi artırılmalıdır. İşçilərə qida təhlükəsizliyi və sanitariya qaydaları ilə bağlı mütəmadi təlimlər verilməli, istehsal prosesində müntəzəm olaraq gigiyena yoxlamaları aparılmalıdır”, – deyə o, əlavə edib.

Onun fikrincə, qida zəhərlənməsi hadisələri baş verdikdə, müvafiq orqanların ictimaiyyətə açıq məlumat verməsi vacibdir.

“Zəhərlənmə hadisələrinin səbəbləri, müşahidə olunan simptomlar və zərurət yaranarsa, yardım almaq yolları haqqında ətraflı məlumat istehlakçılara təqdim olunmalıdır. Bütün bu sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, istehlakçıların və istehsalçıların birgə səy göstərməsi, sanitar-gigiyena standartlarının gücləndirilməsi, maarifləndirmə kampaniyalarının keçirilməsi və sağlam qidalanma vərdişlərinin aşılanması zəhərlənmələrin qarşısını almaq üçün zəruri addımlardır. Belə tədbirlər həyata keçirildikdə, qida təhlükəsizliyi sahəsində daha sağlam və təhlükəsiz mühitin yaradılması mümkündür”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv