Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bundan başqa, məlumata görə, bu il oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 min nəfər və yaxud 1,7 % artaraq 1 727,9 min nəfər olub, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,1 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
www.yenicag.az