“Azərbaycanda pambıqçılığın inkişafı üçün çox yaxşı potensial var”
“Azərbaycanda emal müəssisələri yox səviyyəsindədir və bu haqqda hələ ki, qəti qərar verilməyib”.
Bu barədə Gəncə Regional Aqrar Elm Mərkəzinin, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun və digər elmi tədqiqat müəssisələrinin əməkdaşlarının birgə keçirdiyi səyyar seminarda danışılıb.
Qeyd olunub ki, son illər ölkədə pambıqçılığa olan maraq azalıb və vəziyyət belə davam edərsə pambıqçılıqdan əsər-əlamət qalmaz. İlk növbədə güclü və coğrafi mühitə uyğun toxum bazası yaradılmalı, fermərlər aborigen, yəni yerli toxum sortları ilə təmin edilməlidir.
Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru İlqar Zeynalov deyib ki, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun və digər elmi tədqiqat müəssisələrinin əməkdaşları ilə tez-tez bir araya gəlir, təcrübə və toxumçuluq tarlalarında səyyar seminarlar keçiririk. Bu yolla pamçılığın tamam sıradan çıxmasının qarşısının alınmaq, mövcud bazanın qorunub genişləndirilməsini təmin etmək istəyirik.
Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Həsənəli Aslanov isə bildirib ki, bu gün dünya bazarında keyfiyyətli pambığın lifinin 1 tonu 5 min dollar qiymətindədir: “Biz pambıqçılığı kifayət qədər inkişaf etdirə bilərik. Bunun üçün həm potensialımız, həm də resurslarımız var. İlk növbədə fermerlər maarifləndirilməli, istehsal edilən pambığı müstəqil şəkildə dünya bazarına çıxarmasını təmin etmək lazımdır”.