“Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və “CPT Coach” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, bu gün “Yeni Klinika”da ABŞ və Azərbaycanda qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq təşkilatı ilə “PAŞA Sığorta”nın maliyyə dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı əsasında həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və CPT Coach” mobil tətbiqinin təqdimat mərasimi baş tutub.
Mərasimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, “For Azerbaijan”nın qurucu üzvü Ülviyyə Zeynalova-Boçkin, “PAŞA Sığorta” şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov, QHT və media təmsilçiləri iştirak ediblər.
Tədbirdə layihənin vacibliyi, Azərbaycanda ilk dəfə tətbiq olunan yeni müalicə növlərinin effektivliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edilib ki, layihənin ümumi məqsədi yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək vermək, psixoloji travmaya məruz qalmış insanlar, müharibə iştirakçıları, qazilər, şəhid ailə üzvlərinin psixi sağlamlıqlarının reabilitasiyası istiqamətində daha effektli inkişafa nail olmaqdır.
Tədbirdə sözügedən layihə çərçivəsində nəşr edilmiş “PTSP hallarında yazılı ekspozisiya terapiyası” kitabı, həmçinin “Koqnitiv işlənmə terapiyası”nda istifadə olunan “CPT Coach” mobil tətbiqinin təqdim olunub. Tətbiq bu sahədə psixololarla pasiyentlər arasında daha effektiv müalicə prosesinə dəstək xarakteri daşıyır.
İsmayıl Bakuvi
www.yenicag.az