Qadın cəzaçəkmə müəssisəsində 500 qadın məhkum saxlanılır.
Yenicag.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkialtının Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bir qayda olaraq qadınlar yüngül cinayətlər törədir və bunlar ailə həyatı, sosial durumla bağlı olur: “Bu, o deməkdir ki, onların hüquqi yardımı ödəmək üçün maddi gücü olmur və onlar vəkillər kollegiyasının yardımı ilə vəkil xidmətlərindən yararlanırlar. Araşdırmalar göstərir ki, qadın məhbusların əksəriyyəti ya özlərini, ya da əzizlərini zorakılıqdan müdafiə edərkən cinayət törədib və buraya düşüblər. Əhəmiyyətli məsələ odur ki, qadınlar hətta cəzaçəkmə müəssisəsində olduqda belə onların özlərini güclü hiss etmələri üçün zəruri şərait yaradılır. Cəzaçəkmə müəssisəsinə ziyarətim zamanı mənə aydın oldu ki, burada cəza çəkən qadınların müxtəlif peşələrə yiyələnmək imkanı var. Onlar gözəllik salonunda çalışmaq üçün, şirniyyat bişirmək üçün bilik və bacarıqlara yiyələnirlər. Çox yaxşı olardı ki, qadınların peşə fəaliyyəti ilə bağlı tədris genişləndirilsin. Buraya rəqəmsallaşdırma, maliyyə bilikləri ilə bağlı peşələr də əlavə edilsin, onlar tədris olunsun. Çünki pul qazanmaq asan, onu düzgün idarə etmək çətindir. Qadınların cəzaçəkmə müəssəsində gəlir əldə etmək bacarığına yiyələnməsi onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələsidir. Buna görə Ədliyyə Nazirliyini alqışlayıram”.
www.yenicag.az