"Ətin haradan və necə gətirildiyini insanlar görmür" - EKSPERTDƏN ÇIXIŞ YOLU

media-hightechnic-468x90

Azərbaycana ət məhsulun haradan gəldiyini, hansı təsərrüfatda yetişdirildiyini və hansı laborator analizlərdən keçdiyini onlayn şəkildə göstərən mexanizmlərin tətbiqi mümkündür və faydalı olardı.

media-img_5112

Bunu Yenicag.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində, o cümlədən Avropa İttifaqında və Türkiyədə, məsuliyyət zənciri prinsipi işləyir və belə mexanizm mövcuddur.

Ekspert vurğulayıb ki, belə şəffaf sistem həm dövlət orqanlarının yükünü azaldar, həm də ictimai etimadı gücləndirər:

“Məlumdur ki, ölkəmizdə ət məhsullarının idxalı və dövriyyəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tənzimlənir. Agentlik hər bir idxal partiyasına uyğun sanitar, baytarlıq və fitosanitar nəzarət həyata keçirir. Bu hal dövlət səviyyəsində hüquqi mexanizmlərlə təmin olunmuş prosesdir. Lakin problem təkcə formal icazə və yoxlama ilə bitmir. Məsələnin digər tərəfi isə ictimai etimad və məlumatın şəffaflığıdır.

Cəmiyyətin müəyyən hissəsində idxal olunan ət məhsullarının keyfiyyəti, mənşəyi və saxlanma şəraiti ilə bağlı suallar yaranır. Bu da bəzən sosial şəbəkələrdə fərqli interpretasiyalara səbəb olur. Halbuki bu sahədə ictimai nəzarət və maarifləndirmə daha güclü olsa, yanlış təəssüratların və şayiələrin qarşısı asanlıqla alına bilər. Hindistan, Pakistan və digər regionlardan gətirilən ət məhsullarının çoxu beynəlxalq baytarlıq sertifikatlarına malikdir. İdxal zamanı rəsmi qaydada AQTA-nın nəzarətindən keçir. Amma burada əsas məsələ yalnız “sertifikat var, deməli hər şey qaydasındadır” yanaşması ilə kifayətlənməməkdir”.

Asim Vəliyev  qeyd edib ki, digər tərəfdən son illər ət bazarında yaranan qiymət dalğalanmaları və təchizat böhranı göstərir ki, təkcə idxal yolu ilə bu məsələni həll etmək mümkün deyil:

“Bizim üçün strateji istiqamət yerli istehsalın gücləndirilməsi, fermerlərin dəstəklənməsi, regionlarda ət emalı və soyuducu zəncirlərin inkişaf etdirilməsi olmalıdır. Əgər daxili resurslarımız daha aktiv şəkildə işə salınsa, nə idxaldan asılılıq qalacaq, nə də keyfiyyətlə bağlı suallar bu qədər çox olacaq.

Ət böhranı yalnız iqtisadi deyil, həm də sosial məsələdir. İstehlakçıya sağlam, halal və etibarlı məhsulun təqdim edilməsi dövlət, sahibkar və vətəndaşın birgə məsuliyyətidir. Dövlət orqanları yoxlamanı təmin edir, sahibkarlar şəffaf işləməli, ictimaiyyət isə məlumatlı və tələbkar olmalıdır”.

Ekspert vurğulayıb ki, Azərbaycanın ərzaq təhlükəsizliyi siyasəti çərçivəsində ictimai nəzarət, şəffaflıq və məsuliyyətli istehlak mədəniyyəti əsas prioritetlərdən biri olmalıdır:

“Ət idxalında və ümumilikdə qida sektorunda şəffaflıq artdıqca, həm dövlətə inam, həm də bazar sabitliyi möhkəmlənəcək.

Beləliklə, məqsəd heç bir qurumu və ya ölkəni tənqid etmək deyil, əksinə – daha güclü ictimai nəzarət mexanizmlərinin formalaşdırılmasına çağırışdır. Bu, həm dövlətin işinə dəstəkdir, həm də cəmiyyətin sağlam qida hüququnun qorunması üçün vacib addımdır”,- deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa