Yaxın Şərqin alovlanmasına RƏVAC VERƏNLƏR: Maraqlar toqquşması BİTMİR
“Qəzzanın sabitliyinə cavabdehlik götürən ölkələr öz iradəsini ortaya qoymalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri son günlər Qəzzada baş verənləri, eləcə də İsrailin sülh anlaşmasını pozmasını və ABŞ-nin verdiyi dəstəyi şərh edərkən deyib:
Onun sözlərinə görə, İsrailin baş nazirinin ofisinin yaydığı məlumatları HƏMAS qruplaşması təkzib edir:
“Refahda HƏMAS döyüşçüləri İsrail ordusunun əsgərlərinə atəş açmadığını bildirirlər. Bu nə qədər həqiqəti ortaya qoyur bunu təkzib və ya təsdiq etmək mümkün deyil. Prosesdə sülh anlaşmasını və bütövlükdə sülh prosesini dağıtmaq istəyənlərin maraqlarını da biz görürük. Bu kontekstdə təxribat edən qrupların tapılması o qədər də problem deyil. Bu İsrail tərəfindən də təşkil edilə bilər, nəticə etibarilə atəş nəticəsində hansısa İsrail əsgəri məhv edilib. İndiki vəziyyətdə heç də Netanyahunun milliyyətçi, dindar qrupunun marağında deyil ki, müharibə bitsin. Çünki, müharibənin bitməsi, Netanyahu haqqında məhkəmə prosesinin sürətləndirilməsi, korrupsiya ilə bağlı konkret nəticələrin ortaya çıxarılmasına səbəb olacaq. Ayrıca ictimai rəydə Netanyahunun imicinin zəifləməsini də biz müşahidə edirik. Buna görə də, bu gün belə Netanyahu müharibənin davamına həm də hakimiyyətinin davamı kimi baxır. O, həm də bu cür addımlarla İsrailin daha böyük əraziləri işğal edə biləcəyi görüntüsü yaratmağa çalışır”.
Politoloq qeyd edib ki, İsrailin işğala davam etməsinə zəmin yaratmağa çalışan müxtəlif qüvvələr də ola bilər:
“Eyni şeylər Yaxın Şərqdə müharibənin dayandırılmasının əleyhinə olan bir çox güclərin də təxribatı ola bilər. Belə qüvvələr də az deyil. Burada İran, Rusiya, Çin kimi ölkələrin də maraqları ola bilər. Eyni zamanda onların dəstəklədiyi terrorçu qruplaşmalar da bu cür təxribatlar törədə bilər. Bunları düşünəndə HƏMAS-ın Rəfahda törədilənlərdə əlinin olmadığı məsələsi daha çox ciddiyyət qazanır. İsrailin bəyanatı sadəcə bu cür təxribatları bir növ bəhanə kimi istifadə edir. Doğrudur, havadan bombardmandan öncə ABŞ-ın məlumatlandırıldığı bildirilsə də verilən məlumatlar birtərəflidir. HƏMAS ittiham olunur amma onların prosesdə iştirakı konkret faktlarla ortaya qoyulmur. Buna görə də ABŞ-nin İsraili müdafiə etməsi atəşkəsin pozulmasına şərait yaratmaqla bərabər həm də sülh prosesinə zərbə vura bilər. Həqiqəti bilmədən münaqişə tərəflərindən kiminsə müdafiə olunması doğru qərar deyil və ədalətin pozulduğu təqdirdə bu sülh müqaviləsinin pozulmasına gətirib çıxara bilər”.
Politoloq sülh müqaviləsinin pozulmasının səbəblərini belə izah edib:
“Konkret səbəbləri göstərmək çətindir. Çünki, reallığı özündə əks etdirən məlumatların nədən ibarət olduğunu kimsə bilmir. Ona görə də cəmiyyətə, mediaya təqdim olunan məlumatları həqiqət kimi qəbul etmək doğru deyil. Çünki, bu məlumatlarda geosiyasi maraqlar var. Eyni zamanda prosesi dağıtmaq üçün dağıdıcı ünsürlərin ciddi fəaliyyəti var. Baxmayaraq ki, bir tərəfdə ABŞ, Türkiyə və ərəb liqasını təmsil edən Misir və Qətər kimi dövlətlərin cavabdehliyi söhbət predmetidirsə başqa bir tərəfdən prosesi dağıtmaq istəyən konkret qüvvələr var ki, bunlar əsasən İsrail hakimiyyəti təmsilçiləridir. Cavabdeh dövlətlərin arasında qardaş Türkiyə də var amma bu gün Netanyahu və onun şahinləri Türkiyənin mülki və hərbçi qüvvələrinin Qəzzadakı sabitləşdirici iştirakına imkan vermək istəmirlər. Əgər buna imkan verilməyəcəkdisə Türkiyənin cavabdeh olmasına niyə əvvəldən razılıq verilmişdi? Və ya, ABŞ Netanyahunun dediklərini fakt olaraq qəbul edəcəkdisə o zaman Türkiyənin prosesdə iştirakına niyə razı oldular? Əgər bu gün ABŞ Netanyahu ilə birgə HƏMAS-ın “təxribatları” davam edəcəyi təqdirdə məhv ediləcəyini bildirirsə niyə indiyə qədər HƏMAS-ı ləğv edə bilmədilər? Çünki, dəfələrlə Trampın HƏMAS-ı hədələməsini eşitmişik amma HƏMAS hələ də fəaliyyətdədir və dirənişə davam edir. Ona görə atəşkəs pozularsa bu ittihamlar bir işə yaramır. Müharibə qaldığı yerdən davam edəcək və yenə məsum insanlar öləcək. Bu da dağıdıcı qüvvələrin əlini gücləndirəcək”.
Miri Trampın özünün qəbul etdiyi qərarlara hörmət etməli olduğunu vurğulayıb:
“ABŞ hökuməti qəbul etdiyi qərarlara hörmət etməlidir. Türkiyə də bu sabitləşdirici prosesdə iştirak etməlidir. Biz hazırda bunu görmürük. İmza atılan sənədə ABŞ tərəfindən hörmət olunmursa nəticə etibarilə ABŞ-nin birtərəfli davranmaması ortaya çıxır”.
Sonda politoloq HƏMAS-ın israillilərin cənazəsinin geri qaytarılmasına da münasibət bildirib:
“Burda da məsələyə birtərəfli yanaşma var. ABŞ da Netanyahunun bu yanaşmasını müdafiə edir. Böyük dağıntılar mövcuddur, cənazələrin əksəriyyəti bu dağıntılar arasında qalıb. Bunu həll etmək üçün isə ağır texnikalara ehtiyac var ki, bu da HƏMAS-ın və Fələstinin imkanları xaricindədir. Ayrıca bu dağıntıları yaradan da İsraildir. Nədənsə bu məsələyə diqqət edilmir. Ən nəhayət, bu dağıntılar altında qalan sadəcə 5-10 İsrail əsgəri deyil, bu dağıntılar altında on mindən çox fələstinli yatır. Hələ də onların cənazələrini dağıntılar altından çıxartmaq mümkün olmayıb. Məsələyə birtərəfli yanaşmaq düzgün deyil. Ona görə də bu işdə cavabdeh olan dövlətlər öz iradələrini ortaya qoymalıdır”.
Nurlan Cəfəri












