!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda regionların İNKİŞAF TENDENSİYASI: Dövlətin yaratdığı imkanlardan necə istifadə edilir? -TƏHLİL

!Reklam – Yazi

Bu gün regionlarımızdakı sosial-iqtisadi vəziyyətin 20 il əvvəllə müqayisədə tamamilə dəyişdiyi danılmaz faktdır.

Ölkədə həyata keçirilən genişmiqyaslı layihələr regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər üzrə gerçəkləşdirilən Dövlət Proqramları iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir. İqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı salınmasında müstəsna rol oynayıb.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının əsas uğurlu nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Bu çərçivədə 2004-19-cu illər aralığında ölkədə 2,3 milyon yeni iş yeri yaradılıb. Mütəxəssislərin bildirdiyinə görə, yeni iş yerlərinin yaradılmasında maraqlı olan fərdləri stimullaşdırmaq üçün müəyyən addımlar atılmalıdır. Məsələn, kənd təsərrüfatında kəndlərin suvarma suyuna olan tələbatının ödənilməsi əsaslı şəkildə təmin edilməlidir. Süni göllərin yaradılması və həmin göllərdən suyun borular vasitəsi ilə sahələrə verilməsində problem yaşanmamalıdır. Həmçinin vahid suvarma sistemi yaradılmalı və kəndlilər su ilə təminatda hər hansı çətinliklə üzləşməməlidirlər. Bundan başqa, torpaqların münbitləşdirilməsi istiqamətində də bir sıra addımlar atılmalıdır.

Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə sayəsində Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış həmin bölgələrimizdə iqtisadi aktivliyin bərpasını qaçılmaz zərurətə çevirir. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.

Eyni zamanda, prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir. Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına, ən azı, 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Digər tərəfdən, dövlət tərəfindən təqribən 13 milyard manat həcmində investisiyanın yatırılacağı gözlənilir.

Bu gün qarşıya qoyulmuş regional sosial-iqtisadi hədəflərə maneçilik törədən ünsürləri aradan qaldırmaq üçün prosesə tam formada nəzarət etmək ən vacib məsələyə çevrilib. Çünki dövlət regional inkişafı təmin etmək üçün uzun illərdir həm maddi, həm də mənəvi baxımdan həvəsləndirici təşviq proqramları həyata keçirir. Subsidiyalar, gübrə və toxum dəstəyi ilə yanaşı, kənd təsərrüfatı sahəsində vergi dərəcələri də minimum səviyyəyə endirilib. İqtisadi inkişafın stimullaşdırılmasında vergi güzəştlərinin əhəmiyyəti bir çox sahədə özünü sübut edib. Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddır. Bu qanun ilk dəfə 2001-ci ildə qəbul olunub və 5 il müddətində qüvvədə olması nəzərdə tutulsa da, bu müddətin 4 dəfə artırılması nəticəsində sözügedən güzəşt paketi 2024-cü ilədək qüvvədə olacaq. Yəni mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirlər mənfəət vergisindən azad olunub. Ehtimal ki, regional sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək üçün bu qanun hələ bir neçə dəfə də uzadıla bilər. Qeyd olunanlardan əlavə, Prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na görə, hər il bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edilib. Beləcə hər il ayrı-ayrı regionlar üzrə müxtəlif bitkilərin əkininə görə fermerlərə subsidiyalar ödənilir. Bu subsidiyalar fındıq, qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof, buğda və yonca bitkilərini əhatə edir. Həmçinin 6 növ meyvə bağlarının salınması üzrə də subsidiyalar təyin olunub.

Regional inkişafa dəstək proqramı çərçivəsində ən çox diqqət yetirilən təsərrüfat sahələrindən biri də heyvandarlıqdır. Məlumdur ki, ölkəmizdə südlük maldarlıqla ailə təsərrüfatı məşğul olur. Buna görə fermerlərə heyvandarlıq sahəsində də subsidiyalar təklif edilir. Heyvan subsidiyasına əsasən, yerli heyvanların süni mayalanması nəticəsində doğulan hər bir sağlam buzova görə 100 manat müəyyənləşdirilib. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat məbləğində müəyyən edilir. Bu subsidiyanın 2023-cü ilədək verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda regionların inkişafına dəstək sadəcə dövlət yardımları ilə məhdudlaşmır. Bəzi beynəlxalq qurumlar da ölkəmizdə regionların inkişafında maraqlı olduqlarını bildirir və bunun üçün müxtəlif layihələr icra edirlər.

Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib və uğurlu nəticələr əldə olunub.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv