!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda turizmin təşviqi: Görülən işlər, qəbul edilən dövlət proqramları

!Reklam – Yazi

Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir.

Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər pandemiya dövrünə baxmayaraq, turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə də biz turizmin inkişafı üçün qoyulan yatırımların şahidi oluruq

Maraqlıdır, uzun illərdir dövlət dəstəyi ilə aparılan bu sahədə hazırda durum nə yerdədir?

Yenicag.az-la söhbətində turizm eksperti Ceyhun Aşurov da təsdiqləyib ki, regionlarda dövlət tərəfindən turizmin inkişafı ilə bağlı işlər görülür:

“Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “Kənd evləri” layihəsi vardı ki, artıq bir neçə regionda paralel istiqamətdə bu işlər gedir. “Kənd evləri” layihəsinin məğzi budur ki, kəndlərdə yaşayan əhali öz evlərini müəyyən standartlara gətirərək, yaxud yeni evlər tikərək, onu icarəyə vermək imkanları olur və onlar buradan qazanc əldə edirlər. Kənd evləri həm də alternativ qalmaq imkanı yaradır ki, bu da regionlara gedən insanlarımız üçün əlçatandır. Çünki onlar bölgələrə səfər edəndə daha bahalı hotellərlə qarşılaşırlarsa, kənd evlərində bu qiymətlər daha əlverişli olur. Hətta ailəvi və böyük qrup şəklində gedən insanlar üçün kənd evləri daha sərfəlidir. Ona görə ki 4-5 nəfər kənd evlərində daha rahatlıqla qala bilirlər, çünki bu evlər bir neçə otaqdan ibarət olur”.

Onun sözlərinə görə, bu evlər müasir standartlara uyğun şəkildə nəzərə alınaraq tikilir ki, bu da gələn turistlər üçün sözügedən evlərdə 100-150 manat arasında qalmaq imkanı yaradır:
“Doğrudur, daha çox yerli turistlər bundan istifadə edir, lakin regionlarda villalar, “runvey” evlər də mövcuddur ki, onlar da xarici turistlərə açıqdır. Hətta bəzi villaların qarşısında ayrıca su hovuzu da tikilir ki, xarici turistlər bundan mütəmadi istifadə edirlər. Belə evlərin qiyməti isə günlük 150-500 manat arasında dəyişir”.

“Əlbəttə ki, bu, regionlarda həm də əlavə gəlir mənbəyi deməkdir ki, bu da, əslində, yaxşı bir haldır. Ümumiyyətlə, bu məsələlər nə qədər sadələşdirilərsə, hətta insanlarımız kənd evlərini müəyyən şəkildə icarəyə verəndən sonra onun vergilərini belə verərlərsə, sözsüz ki, bu sahə daha da genişlənə bilər. Ümumilikdə isə regionlarda rekreasiya zonaları yaradılıb. Hətta dövlət başçısı da bir neçə gün öncə bununla bağlı fərman imzaladı. Yəni həmin zonalarda yeni turizm obyektlərinin tikintisi və istifadəsi nəzərdə tutulur ki, bu da əlavə iş yerlərinin yaranması və iqtisadi aktivliyin artmasına müsbət təsirlərini göstərəcək”, – deyə həmsöhbətimiz əlavə edib.

İqtisadçı ekspert Asif İbrahimov isə Yenicag.az-a bildirib ki, Azərbaycan həm aqrar, həm də neft-sənaye ölkəsi olması ilə yanaşı, eyni zamanda, turizm potensiallı bir ölkədir:


“Bizim bir çox regionlarımız, təbiətimiz və tarixi-mədəni fonda olan abidələrimiz turizm potensiallı ölkə olduğumuzu göz önünə gətirir. Dünyanın bir çox ölkələri var ki, onlar həm dəniz, həm dağ və həm də meşələrlə əhatəlidir. Azərbaycan da bu istiqamətdə müəyyən turizm imkanlarını yarada bilir, çünki coğrafiyamız buna tam əlverişlidir”.

Onun fikrincə, Azərbaycanın bir çox regionlarında, xüsusilə də şimal, şimal-qərb və qərb istiqamətində insanlar öz evlərini kirayə verirlər:

“Ümumiyyətlə, Azərbaycanda Türkiyə və Gürcüstanla hotel sayını müqayisə etsək, ölkəmizdə 20-25 mindən çox qonaq qəbul edəcək hotel yoxdur və maksimum statistika budur. Bu baxımdan, ölkəmizdə regionlarımıza üz tutanlar heç də az deyil”.

“Məsələn, bu gün Astara ilə Antalyanı müqayisə etsək, Azərbaycandakı təbiət və turizmin potensialı oradan daha üstündür. Məgər Antalyaya gedənlər alternativ nə edirlər ki? Hovuza, dənizə girirlər, sonra da qayıdırlar otaqlarına. Lakin ölkəmizdə bu imkanlar genişdir və bunun təşviqatı yüksək səviyyədə aparılmalıdır. Dövlət tərəfindən də bununla bağlı məşğulluq çərçivəsində müəyyən proqramlar həyata keçirilir. KOBİA-nın da öz evlərini kirayə verən insanlarla əlaqədar layihələri mövcud idi”, – deyə o, söyləyib.

Mütəxəssisin qənaətinə görə, burada dövlətin birbaşa dəstəyindən başqa, dolayısı dəstək də mövcuddur:

“Məsələn, lisenziyaların və icazələrin alınmasında həyata keçirilən sadələşdirmələr dolayısı hökumət dəstəyidir. Bu məsələdə də hökumət tərəfindən addımlar atılır. Müqayisə üçün deyək ki, 15 il bundan öncə insanlarımız Quba, Qusar və Nabrana gedirdilərsə, indi ölkənin digər bölgələrinə də səfər edənlər çoxluq təşkil edir”.

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

 

Rafi Müslümov

COP29

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv