“Müəyyən mərhələdən sonra bu peşə məhkəmə-hüquq sistemində öz yerini möhkəmləndirəcək”.
Bu fikirləri Azərbaycanda vəkilliyin nüfuzunu dəyərləndirən “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri vəkil Hafiz Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əgər bu gün vəkil ədalət mühakiməsində bütün hallarda – hər hansı mülki, cinayət, inzibati, kommersiya işləri üzrə çox da böyük uğurlara nail ola bilmirsə, bu, onun günahı deyil:
“Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdikcə, hüquqi bazanın müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericiliyə uyğun dəyişikliklərin edilməsi vəkilliyin rolunu artıra bilərdi.
Əgər bu gün vəkil ədalət mühakiməsində bütün hallarda – hər hansı mülki, cinayət, inzibati, kommersiya işləri üzrə çox da böyük uğurlara nail ola bilmirsə, bu, vəkilin günahı yox, məhkəmələrdə ədalət mühakiməsinin təmin olunması ilə bağlı problemdir.
4-5 il əvvəlki dövrlə müqayisədə vəkillərin sayında 2 dəfə artım var. Hazırda Azərbaycanda vəkil sayı 2 200-ə yaxındır. İndi vəkilliyə qəbul fasiləsiz olaraq bir mərhələ üzrə aparılır. Müvafiq elanlar verilir və parallel olaraq yeni qəbullar keçirilir.
Son dövrlərdə əvvəlki illərə nisbətən vəkilliyin nüfüzünun artdığı müşahidə edilir. Yəni vəkillik bir hüquq peşəsi kimi cəmiyyətdə öz yerini tapmaqdadır. Təbii ki, bu sahədə problemlər də var və onlar əsasən, ədalət mühakiməsi ilə əlaqədardır. Əminəm ki, müəyyən mərhələdən sonra bu peşə məhkəmə-hüquq sistemində öz yerini möhkəmləndirəcək”.
Aysel Hüseynqızı
www.yenicag.az