Azərbaycanda xırdabuynuzlu heyvandarlıq "SOS" verir: İdxal asılılığı niyə artır? – ANALİZ

media-hightechnic-468x90

Azərbaycanda xırdabuynuzlu heyvandarlıq sahəsində daxili istehsalın tələbatı tam qarşılamaması fonunda idxalın, xüsusilə də Rusiyadan qoyun gətirilməsinin artması diqqət çəkir. Mövcud vəziyyət ölkədə bu sahənin inkişaf problemlərini yenidən gündəmə gətirib.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, yerli istehsalın zəif qalmasının bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə, ilk növbədə yem bazasının yetərsizliyi əsas problemlərdən biridir:

“Keyfiyyətli otlaq sahələrinin və yem istehsalının kifayət qədər geniş olmaması heyvandarlığın inkişafına ciddi təsir göstərir. Heyvanların məhsuldarlığını artırmaq üçün əlavə resurslara ehtiyay yaranır ki, bu da istehsal xərclərini artırır və fermerləri çətin vəziyyətdə qoyur”.

Ekspert qeyd edib ki, digər mühüm məsələ damazlıq işinin yetərincə inkişaf etməməsidir:

“Yüksək məhsuldarlığa malik heyvanların sayını artırmaq üçün planlı seleksiya işləri aparılmalıdır. Damazlıq proqramları və genetik resurslardan istifadə sahəsində sistemli yanaşma və uzunmüddətli strategiya, demək olar ki, zəifdir. Bu isə məhsuldarlığın aşağı səviyyədə qalmasına səbəb olur”.

Akif Nəsirli əlavə edib ki, dövlət dəstəyi mexanizmlərində də müəyyən boşluqlar mövcuddur:

“Subsidiyalar, güzəştli kreditlər və sığorta proqramları tam effektiv və hədəfli şəkildə tətbiq edilmir. Bu səbəbdən fermerlər üçün stimullaşdırıcı təsir zəif qalır və sahəyə maraq azalır”.

İqtisadçı hesab edir ki, problemin həlli üçün kompleks və uzunmüddətli yanaşma tələb olunur. Onun fikrincə, ilk növbədə yem istehsalı artırılmalı, otlaq sahələrindən daha səmərəli istifadə təmin edilməlidir. Eyni zamanda, damazlıq işinin planlı şəkildə qurulması, genetik resursların qorunması və inkişaf etdirilməsi vacibdir:

“Fermerlər üçün maliyyə və texniki dəstək mexanizmləri gücləndirilməli, bazar infrastrukturu və logistika sistemi təkmilləşdirilməlidir. Yalnız bu halda ölkədə xırdabuynuzlu heyvandarlıq sahəsində davamlı inkişaf və məhsuldarlıq artımına nail olmaq mümkündür”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05