“Azərbaycanı unutsaq, Allah bizi bağışlamaz”

media-hightechnic-468x90

4067f2d06ddc4f6fc80db03fae2dee2eDevlet Bahçeli: “Azərbaycanı unutsaq, Allah bizi bağışlamaz”

Ankarada Milliyyətçi Hərəkat Partiyasının (MHP) XI qurultayı keçirilir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, qurultayın açılışında çıxış edən MHP sədrinin təşkilatlara cavabdeh müavini Şefkat Çetin, qurultayın idarə edilməsi üçün Nizamnaməyə görə, Başqanlıq divanı təşkil edilməsinin gərəkli olduğunu açıqlayıb.

Şefkat Çetin, qurultayın Başqanlıq divanına sədrin müavini Səmih Yalçının namizədliyini təklif edib, təklif yekdilliklə qəbul edilib.

“Bu gün MHP adına önəmli bir gündür. Burada yaranmış sinerjini 7 iyundakı seçkidə ifadə etmək ən böyük arzumuzdur” deyən S. Yalçın sözü MHP sədrliyinə namizəd Devlet Bahçeliyə verib.

Qurultaydakı çıxışına “Türkün bahar bayramında yenidən doğuş məqsədiylə birik və birlikdəyik. Əziz millətimin və sizlərin Novruz bayramını təbrik edirəm. Qucaqlaşmaq və qərarlılığımızı göstərmək üçün buradayıq” sözləriylə başlayan Devlet Bahçeli Türk-islam aləminin qurultay salonundan veriləcək mesajlara kilidləndiyini vurğulayıb.

Hökumətin iqtisadi siyasətini tənqid edən MHP lideri Bahçeli “Bizim dəftərimizdə qanunsuz işlər, dövlət malına göz tikmək, İmralı canisiylə birləşərək Türkiyəni bölmək yoxdur. Ona görə buradan deyirəm ki, bizimlə yürü, Türkiyə!”- deyə sözlərini davam etdirib.

Bir neçə gün əvvəl Çanaqqala zəfərinin qeyd olunduğuna diqqət çəkən MHP lideri Çanaqqala savaşlarında Türklərin qazandığı qələbəni “Türklüyün dünyaya veriləcək güzəşt və torpaqların artıq olmadığını o savaş göstərmişdir” – sözləriylə xarakterizə edib.

Devlet Bahçeli, baş nazir Ahmet Davutoğlunun AKP-ni Dədə Qorqudla müqayisə etməsini də sərt şəkildə tənqid edib. “Türkmən elinə laqeyd qalmaq, Türkmən qardaşlarımızın problemlərinə qulaq tıxamaq vəfasızlıqdır. Biz Balkanları, Azərbaycanı, Qafqazı, Orta Asiyanı, Sibiri unutsaq, Allah bizi əfv etməz” – deyə MHP lideri vurğulayıb.

Novruz bayramının Türk mədəniyyət coğrafiyasının birlik, dostluq, bərəkət və bolluq simvolu olduğuna diqqəti cəlb edən Devlet Bahçeli “Türk milləti Novruz günü dəmir dağları əridərək Ergenokondan çıxıb. Novruz qucaqlaşaraq birlik və bərabərlik olmağın günüdür. Elə isə bəzi qüvvələr Novruzu bölücülüyün simvolu halına gətirməyə çalışırlar. Biz birlik üçün çalışırıq, onlar isə bölməyə cəhd göstərirlər. Bunu bilin ki, Türkiyənin gələcəyini təhlükəyə atmağa çalışanlar yandırdıqları alovun içində yanıb kül olacaqlar. Bu gün salonda yandırılan alov Türk millətinin 1000 illik qardaşlıq tarixinin simvoludur” – deyə sözlərinə davam edib.

”Türkiyənin bazarlıq masasında olduğunu” qeyd edən MHP lideri PKK terror təşkilatının ömürlük həbsə məhkum edilmiş başçısının istədiyi hər şeyi Türkiyəyə yapdırdığını və 7 iyunda seçkidən sonra qəbul ediləcək yeni Konstitusiyadan “Türklük” məfhumunun çıxarılacağını iddialarına əlavə edib.

Terror təşkilatının silahı buraxmadığını və silahdan vaz keçmədiyini deyən Devlet Bahçeli Türk ordusunun terrora qarşı silahlı mübarizədən çəkilməsini də yeni siyasətin bir hissəsi kimi xarakterizə edib. MHP lideri “açılım prosesi”ndə müşahidəçilik edəcək olan alim-jurnalist-yazar və aktyorları də sərt tənqidə məruz qoyub.

MHP lideri Bahçeli “Əli qanlı qatillər kürd mənşəli qardaşlarımın təmsilçisi ola bilməz. Bölücü xainlər gözləyir deyə, Türkiyə bir neçə yerə parçalanmayacaq, buna kürd mənşəli qardaşlarım da imkan verməyəcək. Ona görə də heç kim boş xəyalların dalınca getməməlidir. Türkiyəni bölmək üçün yola çıxan xəyanət cəbhəsinə buradan xəbərdarlıq edirəm: özümüzü məsuliyyətli apardığımıza görə, bizi zəif sanmayın. Bizdə bölünəcək ölkə yoxdur, bizdə yıxılacaq dövlət yoxdur, bizdə parçalanacaq ölkə yoxdur. MHP bu ölkənin birlik və bütövlüyünün daim parlayacaq ulduzudur” söyləyib.

7 iyundakı seçkinin Türkiyə üçün “var olmaq-yox olmaq” seçkisi olduğunu iddia edən D. Bahçeli millətin öz varlığını qoruması üçün seçkidə dərindən düşünərək səs verməsinin gərəkli olduğunu vurğulayıb. Çıxışının sonunda MHP lideri Bahçeli cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edərək “Bizimlə yürü!” – deyib və xalqı 7 iyunda MHP-yə səs verərək partiyanı iqtidara gətirməyə çağırıb.

D. Bahçeli “Kitabi-Dədə Qorqud” dastanından alaraq bəzi fraqmentlər əlavə etdiyi dua ilə MHP-nin XI qurultayındakı çıxışını bitirib. MHP lideri daha sonra Türklərin mifoloji-tarixi rituallarından biri olan dəmir döymə ritualını gerçəkləşdirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600