Ana qucağından Vətən xidmətinə: "Nur Uşaq Evi"nin sakini əsgər yola salındı - VİDEO
“Nur Uşaq Evi”ndə böyüyən Salehin hərbi xidmətə yola salınma mərasimi keçirildi. Uşaq evinin rəhbərliyinin təşkilatçılığı ilə baş tutan bu xüsusi mərasimdə yalnız bir əsgər yola salınmırdı; illərlə kimsəsizliklə sınağa çəkilən bir gəncə “Sən tək deyilsən” mesajı verilirdi.
Yenicag.az xəbər verir ki, mərasimdə uşaq evinin sakinləri, müğənnilər, xeyriyyəçilər və digər qonaqlar bir araya gələrək Salehin ətrafında görünməz bir sevgi divarı hördülər. Səhnədə çiyinlərində əsgər şalı ilə dayanan Salehin gözlərində həm uşaqlıq nisgili, həm də böyük bir kişi qüruru var idi.
Ömrünün ən kövrək yaşlarında taleyin kimsəsizliklə sınağa çəkdiyi bu gənc üçün “Nur Uşaq Evi” təkcə sığınacaq yox, illərlə axtardığı o doğma yuva oldu. Saleh burada böyüdü, burada boy atdı, burada bir ailənin neçə nəfərdən ibarət olduğunu yox, nə qədər böyük bir ürəyə sığışa bildiyini öyrəndi.
Müəssisə rəhbəri Aynurə xanım da bu duyğulu anlarda göz yaşlarını saxlaya bilməyib, içindəki ana nisgilini və sevgisini belə ifadə etdi:
“Saleh 12 yaşından bizim qoynumuzda böyüyüb. 18 yaşı tamam olanda qanunla onu müəssisədən çıxarmalı idik, amma ana ürəyim dözmədi, onu çölə atmağa qıymadıq. Daha bir il də yanımızda saxlayıb ərsəyə gətirdik. Bu gün onu böyük qürurla Vətən borcunu ödəməyə yola salırıq. Saleh bilsin ki, harada olursa-olsun, onun arxasında böyük bir ailəsi var”.
Aynurə xanımın bu ana fədakarlığına cavab olaraq Salehin dediyi hər söz birbaşa ürəklərə toxundu. O, mikrofonu əlinə alıb boy-başa çatdığı bu ocağa belə söz verdi:
“Mən valideyn isti qucağı görmədim, amma siz mənə həm ana, həm ata oldunuz. Söz verirəm, Vətənə elə xidmət edəcəyəm ki, qayıdanda qarşınıza fəxr edəcəyiniz bir igid kimi çıxacağam!”
Adı “Saleh”dir bu gəncin… Saleh — xeyirli, ləyaqətli, dürüst insan deməkdir. Anası-atası ona bu adı verib gedərkən bəlkə də fərqində deyildilər ki, o, bir gün böyüyüb bu Vətənə ən xeyirli, ən ləyaqətli oğul olacaq. Çünki Vətən təkcə torpaq deyil; Vətən onu darlıqda buraxmayan, qucaq açan, sahib çıxan elə bu böyük ailədir!
Bəli, Salehin onu böyüdən bioloji valideynləri yoxdur. Amma dünən gözlər önünə sərilən bir həqiqət var idi: Salehi bir ana-ata atsa da, böyük bir millət və boy-başa çatdığı o ocaq qucaqladı.
İndi Saleh xidmətə yola düşür. Əynində hərbi forma, çiynində Vətən borcu… Biz adətən əsgər yola salanda anaların göz yaşını, ataların fəxr dolu baxışlarını görürük. Salehi yola salan isə onun “böyük ailəsi” — bütöv bir cəmiyyət oldu.
Uğurlar sənə, adı da, əməli də xeyirli olan əsgər Saleh! Sağ-salamat get, başıuca qayıt! Bu Vətən, bu millət səninlə fəxr edir!













