Çin səfiri: "Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır"
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edərək bildirib ki, Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır və iki ölkə liderlərinin strateji rəhbərliyi altında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Yenicag.az xəbər verir ki, səfir hərbi əməkdaşlığın ikitərəfli strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
“Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı daha da dərinləşdirməyə, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına yeni töhfələr verməyə hazırdır”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, Çin Azərbaycanla birlikdə dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə, “Bir kəmər, bir yol” təşəbbüsü, süni intellekt sahəsində potensialın artırılması və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə, regionda və dünyada sülhün və inkişafın birgə təşviqinə sadiqdir.
Lu Mey qeyd edib ki, 1927-ci ildə yaradılan Çin Xalq Azadlıq Ordusu ölkənin dövlət suverenliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələri daim yerinə yetirib.
“Çin Xalq Azadlıq Ordusu dünya sülhünün qorunmasına xidmət edən mühüm qüvvə olmaqla yanaşı, qlobal sabitliyin möhkəmləndirilməsində də mühüm rol oynayır”, – deyə səfir vurğulayıb.
O bildirib ki, Çin Silahlı Qüvvələri BMT-nin sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması missiyalarında fəal iştirak edir.
“Sülh və inkişaf bütün xalqların ortaq arzusudur”, – deyən səfir Çin Xalq Respublikasının Sədri Si Cinpinin bəşəriyyət üçün vahid taleyə malik icma konsepsiyasını və qlobal təşəbbüslərini xatırladaraq, bu yanaşmanın davamlı sülh, qlobal təhlükəsizlik və ortaq rifah naminə yeni perspektivlər açdığını bildirib.













