Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi - FOTO
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Siyasətinin həyata keçirilməsində Qeyri-Hökumət təşkilatlarının rolu adlı tədbir keçirilmişdir.
Yenicag.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının əməkdaşları, müxtəlif sahələri təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də ictimai fəallar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qonaqları salamlayaraq, ölkəmizdə dövlət tərəfindən vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların ictimai təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb.
Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələri ilə açıq dialoqu və səmərəli əməkdaşlığı daim diqqət mərkəzində saxlayır. Bu baxımdan qeyri-hökumət təşkilatları ilə birgə keçirilən görüşlər ictimai maraq doğuran məsələlərin müzakirəsi, yeni təşəbbüslərin irəli sürülməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Onlar dövlət qurumları, siyasi institutlar və QHT-lər arasında əməkdaşlığın cəmiyyətin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində gənclərlə iş, vətənpərvərlik tərbiyəsi, ekoloji maarifləndirmə, sosial layihələr, könüllülük hərəkatının inkişafı və milli-mənəvi dəyərlərin təbliği istiqamətində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar qarşılıqlı maraq doğuran məsələlər üzrə təkliflərini səsləndirib, gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Sonda iştirakçılar belə görüşlərin davamlı keçirilməsinin dövlət–ictimaiyyət əməkdaşlığının möhkəmlənməsinə, vətəndaş cəmiyyətinin daha da inkişafına və ictimai təşəbbüslərin dəstəklənməsinə mühüm töhfə verəcəyini bildiriblər. Tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.













