2015-ci ildə Azərbaycan idmançıları tərəfindən antidopinq qaydalarının pozulmasına dair doqquz hal aşkarlanıb.
Yeniçağ.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) açıqladığı illik hesabatda bildirilir.
Belə idmançılardan altısı ağırlıqqaldıran, ikisi atlet, biri isə güləşçidir.
Bundan başqa onların yeddisi kişi (beş ağırlıqqaldıran, bir atlet, bir güləşçi), ikisi isə qadındır (bir ağırlıqqaldıran, bir atlet). Hesabatda antidopinq qaydalarındakı pozuntu hallarından səkkizinin (altı ağırlıqqaldıran və iki atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, birinin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir.
Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletlərdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb.
Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yerdədir.
Yeniçağ.Az
www.yenicag.az