Azərbaycan dövlət sərhədini pozan erməni diversantların məhkəməsi başlayır.
Yenicag.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, istintaqla Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Razdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Razdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan bir ədəd “Kalaşnikov” markalı AKM modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan bir ədəd daraq götürülüb.
Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
www.yenicag.az