Həyatda tanıdığım iki Bayram olub. Biri Kürdəxanlı idi, keçən il rəhmətə getdi, digəri də özünə ekstrasens deyən Nurlu. Düzdü, Bayram Nurlu ilə də şəxsi tanışlığım yoxdur və ola da bilməz. Sadəcə, nə vaxt televizoru açıram, onu görürəm.
Bayram ilk dəfə ANS-də yayımlanan “Adam içində” verilişi sayəsində adam içinə çıxmışdı. Sonra “Space”də efirə gedən “Oturduğumuz yerdə” verilişində peyda oldu. Və belə-belə oturduğumuz yerdə zibilə düşdük. O gündən bayramımız qara gəlib. Az qala hər gün efirdən evimizə boylanır.
12 yaşında məktəblə, kitab-dəftərlə vidalaşan bu uşaq indi efirlərdə ömrünün yarıdan çoxunu təhsilə, elmə, yaradıcılığa həsr edənlərə dərs keçməyə çalışır. Haqsız duruma düşdüyünü görəndə də qışqırır, səsini atır başına, qarşısındakı şəxsi məhkəmə ilə hədələyir. Onun sahib olduğu ən yaxşı istedad da məhz budur. Bayrama dırnaqarası verilən ilahi vergini də, sehirli gücü də boş verin getsin.
Əslində, bütün günahı təkcə Bayramda görmürəm. Onun rəzilliyinin təbliğinə yardımçı olan aparıcılar da, televiziya rəhbərləri də elə Bayram qədər günahkardırlar. Bir fikirləşin görək ki, niyə biz evdə ailəmizlə birlikdə Bayramın özündən yaşca, savadca, ağılca üstün olanlarla səsini başına atıb, qışqırmasına baxmalıyıq? Məgər bu gün efirə çıxarılacaq igid oğul və qızlarımız yoxdur? Bu gün “mənəm-mənəm” deyən aparıcıların Bayrama reytinq gözü ilə baxmasının səbəbi nədir axı? Yəni, bu qədərmi cılızlaşdınız?
Uşağın fırıldaq olduğu onsuz o zaman üzə çıxmışdı. İlk dəfə telefon kamerası qarşısına keçən Bayram namaz qıldığını, ibadət əhli olduğunu deyir. Həmin videodan 5-6 ay sonra Elgiz Əkbərin aparıcısı olduğu verilişə çıxanda isə ona verilən sual qarşısında aciz qalır və nəinki namaz qılmadığını, heç ibadət əhli belə olmadığını bildirir.
Buna baxmayaraq, bu gün regionlarda, eləcə də paytaxt Bakıda Bayrama pənah gətirən şəxslərin, xüsusən də qadınların sayı o qədərdir ki, adamın onları bir yerə yığıb, əlifbanı öyrətməyi gəlir. Bir il əvvəl oğlunu evləndirən ananın gəlininin uşağı olmur, dərhal qaçır Bayramın dırnaqarası ocağına. Və burada da Bayrama verilən yenə dırnaqrası “sehirli güc” sperma rolunu oynayır. Nə hikmətdirsə, bir il əvvəl evlənən cütlüyün uşağı olur. Amma o ağılda olan qadınlar yeni ailə quran cütlüklərə vaxt verilməli olduğunu dərk etmirlər. Əslində isə qadının hamilə qalması bioloji prosesdir. Amma nə olsun, o təhsilsiz, ağılsız qadınların sayəsində əslində bioloji olan proses bayramkimilər fəsiləsinin reklamına çevrilir.
Və nəticədə bu gün Bayram üzünü guya Dubaydan gətirdiyi dəvə südü ilə yuyub parıldadır. Əslində dəvə südü deyil e, cahil insanlardan sağdığıdır…
Emin Səfərov
www.yenicag.az