Azərbaycanın qlobal meydandakı tarixi yüksəlişi: 2025-ci ilin STRATEJİ ANALİZİ

media-hightechnic-468x90

2025-ci il Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində ölkənin qlobal sistemdə mövqeyinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi il kimi yadda qalıb. Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl siyasi kursu nəticəsində Azərbaycan enerji təhlükəsizliyi, regional sabitlik, post-münaqişə bərpası və beynəlxalq inteqrasiya sahələrində aparıcı aktora çevrilib.

media-banner_tkm

Prezident İlham Əliyevin müəyyən etdiyi enerji strategiyası 2025-ci ildə qlobal enerji təhlükəsizliyinin yenidən formatlaşmasında həlledici rol oynamaqdadır. Azərbaycan–Avropa enerji əməkdaşlığı çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, mövcud infrastrukturun modernləşdirilməsi və yeni ixrac marşrutlarının açılması Avropanın enerji asılılığının azaldılmasında əsas mexanizmə çevrilib. 2025-ci ildə Azərbaycanın təbii qaz ixracının artırılması ilə bağlı planlar Avropa İttifaqının uzunmüddətli enerji təhlükəsizliyi strategiyasının ayrılmaz hissəsi kimi qəbul olunur. Bu proses təkcə iqtisadi tərəfdaşlıq deyil, eyni zamanda Azərbaycanın geosiyasi təsir imkanlarının genişlənməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi anlamına gəlir.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma tədbirləri 2025-ci ildə daha geniş miqyas alıb. Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr beynəlxalq aləmdə post-münaqişə dövrünün ən ambisiyalı və innovativ inkişaf modellərindən biri kimi qiymətləndirilir. Yaşıl enerji zonalarının yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir nəqliyyat və sosial infrastrukturun qurulması bu bölgələri XXI əsrin müasir şəhərsalma nümunəsinə çevirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra olunan “Böyük Qayıdış” proqramı yalnız fiziki bərpanı deyil, eyni zamanda sosial-iqtisadi reinteqrasiyanı və dayanıqlı məskunlaşmanı təmin edən kompleks dövlət strategiyası kimi çıxış edir.

2025-ci il Azərbaycan Respublikasının tarixində “Böyük İnteqrasiya İli” kimi səciyyələndirilir. Bu il ərzində Azərbaycan regionun aparıcı hərbi-siyasi gücü olmaqla yanaşı, Avrasiya məkanında mühüm logistika, nəqliyyat və enerji qovşağı statusunu bir daha təsdiqləyib. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində ölkənin artan rolu beynəlxalq ticarət axınlarının təhlükəsiz və dayanıqlı şəkildə təmin olunmasına xidmət edir.

media-529355055_1310149170464858_3337575462276867927_n

2025-ci ildə region üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri də Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişlər olub. Avqustun 8-də Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Bu addım uzun illər davam edən münaqişədən sonra regionda dayanıqlı sülhün bərqərar olunması üçün mühüm siyasi mərhələ kimi qiymətləndirilir. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, qarşılıqlı səfərlər və ictimai diplomatiya təşəbbüsləri 2025-ci ilin ən yadda qalan hadisələri sırasında yer alıb.

media-editor_e5af089bc56c2987e12e30602698d28c_w1p3asxv0ufgqnj2loim-768x403

İyulun 3–4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Toplantısı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tam və qəti şəkildə qəbulunun rəmzi kimi dəyərləndirilib. Bir vaxtlar münaqişə zonası kimi tanınan Xankəndinin bu gün regional iqtisadi əməkdaşlığın müzakirə edildiyi beynəlxalq platformaya çevrilməsi Azərbaycanın uğurlu “yumşaq güc” siyasətinin bariz nümunəsidir. Zirvə toplantısı region ölkələri arasında ticarət, nəqliyyat və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yeni imkanlar açıb.

media-17598378274433552247_1200x630jpg_1759839789

Oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi isə Azərbaycanın türk dünyasında artan lider rolunu bir daha nümayiş etdirib. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər. Görüşdə siyasi həmrəylik, iqtisadi inteqrasiya və ortaq gələcək strategiyaları müzakirə olunub.

Nəticə etibarilə, 2025-ci il Azərbaycan üçün beynəlxalq mövqelərin möhkəmləndiyi, regional liderliyin institusional səviyyəyə yüksəldiyi və ölkənin qlobal proseslərdə söz sahibinə çevrildiyi tarixi mərhələ kimi qiymətləndirilir.

Məsimə Məmmədova

media-media

 

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05