!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın strateji ROLU: Avropanın enerji təhlükəsizliyində növbəti ADDIMLAR

!Reklam – Yazi

Azərbaycan ilə Rusiya arasında qaz mübadiləsi və bu məsələdə ölkəmizin vasitəçilik rolu Ukrayna və Avropa İttifaqının müraciətləri fonunda qlobal enerji təhlükəsizliyinin vacib tərkib hissəsinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada peşəkar diplomatik məharəti, Azərbaycanın xarici siyasətində ardıcıllıq və proqnozlaşdırılan davranış modeli bu müraciətlərin əsasını təşkil edir. Azərbaycanın Rusiya və Ukrayna kimi strateji tərəfdaşlar tərəfindən etibarlı vasitəçi kimi qəbul olunması və bu çətin məsələdə vasitəçilik roluna dair gözləntilər, ölkəmizə beynəlxalq ictimaiyyətin dərin etimadını bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışları və beynəlxalq forumlarda iştirakı bu müraciətlərin kökündə dayanan faktorlardan biridir. Xüsusi vurğulayaq ki, Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın Rusiya ilə Ukrayna arasında qaz məsələsində vasitəçilik rolu ölkəmizin tutduğu mövqeyin nə qədər əhəmiyyətli olduğunu göstərir. Prezidentin diplomatik bacarığı və Azərbaycanın siyasətində ardıcıllıq Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar üçün ölkəmizi etibarlı bir tərəfdaş kimi təqdim edir. Bu, həm də Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətlərdə balanslı siyasət yürütməsinə, eləcə də tərəflər arasında vasitəçi kimi çıxış etməyə imkan yaradır.

Təcrübə göstərir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri peşəkar səviyyədə yerinə yetirir və strateji hədəflərinə nail olur. Bu siyasət həm beynəlxalq platformada, həm də daxili iqtisadi və enerji layihələrində özünü doğruldur. Azərbaycanın qaz ixracatı üzrə tutduğu mövqe, TAP və TANAP kimi layihələrin uğurlu icrası və enerji sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ölkəmizi qlobal enerji bazarlarında əsas oyunçulardan birinə çevirir. Belə ki, Azərbaycan yalnız enerji təminatçısı kimi deyil, həm də regional enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

2025-ci ildən Ukraynanın Rusiya qazının nəqlini dayandıracağı gözlənilir ki, bu da Avropa üçün ciddi enerji probleminin yaranmasına səbəb ola bilər. Bu məsələ, xüsusilə də Macarıstan, Slovakiya, Çexiya və Avstriya kimi ölkələrdə enerji çatışmazlığı təhlükəsi yaradır. Yalnız Slovakiya büdcəsində yaranacaq 700-800 milyon dollar civarında defisit gözlənildiyi halda, digər ölkələrin də bu prosesdən ciddi təsirlənməsi qaçılmaz görünür. Bu vəziyyət Azərbaycanın qlobal enerji bazarlarında daha böyük rola sahib olmasına imkan verir və onun strateji əhəmiyyətini artırır.

Azərbaycanın Avropaya enerji ixracatında tutduğu mövqe, xüsusilə də Cənub Qaz Dəhlizi kimi layihələr vasitəsilə Avropa bazarlarına çıxışı, ölkəmizin strateji əhəmiyyətini daha da gücləndirir. Avropanın əsas enerji təchizatçılarından biri olan Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynamağa davam edir. Qaz nəqlində yaranacaq fasilələrin qarşısını almaq üçün Azərbaycanın əlavə qaz təchizatı təmin etməsi, həmçinin gələcəkdə mümkün enerji boşluqlarını doldurmaq məqsədilə yeni müqavilələr və tərəfdaşlıqlar qurması mümkündür. Bu addımlar Avropanın enerji təchizatının diversifikasiyasına və Rusiyadan asılılığın azalmasına xidmət edəcək.

Azərbaycanın Rusiya ilə Ukrayna arasında qaz məsələsində vasitəçi rolu, onun enerji diplomatiyasındakı uğurlu addımlarına əsaslanır. Ukraynanın Rusiya qazının nəqlini dayandıracağı halda, Avropa bazarlarında yaranacaq boşluğu doldurmaq üçün Azərbaycanın potensialı genişdir. Azərbaycanın bu prosesdə etibarlı tərəfdaş kimi çıxış etməsi, həm Ukrayna, həm də Rusiya ilə münasibətlərdə balanslı siyasət aparması ölkəmizin bu mürəkkəb məsələdə uğurlu vasitəçi rolunu oynaya biləcəyini göstərir.

Bu yolla Azərbaycan nəinki regional enerji təhlükəsizliyinə, həm də Avropanın strateji enerji maraqlarına mühüm töhfə verə bilər. Bununla yanaşı, Azərbaycanın belə bir məsuliyyətli rolu icra etməsi ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan yeni fürsətlər yarada bilər. Belə ki, Azərbaycan öz enerji ixrac potensialını artıraraq, həm regional tərəfdaşları ilə əlaqələri gücləndirər, həm də beynəlxalq arenada daha böyük rol oynayar.

Azərbaycanın qaz mübadiləsi məsələsində oynaya biləcəyi vasitəçilik rolu Prezident İlham Əliyevin diplomatik bacarığı və ölkənin yürütdüyü strateji siyasətin nəticəsi olaraq, beynəlxalq ictimaiyyətin Azərbaycanı etibarlı tərəfdaş kimi tanımasının göstəricisidir. Ukraynanın Rusiya ilə qaz nəqlini dayandırması halında Avropanın enerji təhlükəsizliyinə ciddi təsirlər ola bilər, lakin Azərbaycanın strateji mövqeyi və qaz ixracatında tutduğu rol bu təhlükələrin qarşısını almağa yardım edəcəkdir. Ölkəmiz yalnız enerji təminatçısı kimi deyil, həm də qlobal enerji bazarlarında vasitəçi kimi çıxış etməklə regional və qlobal əhəmiyyətini daha da gücləndirəcək.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv