Azərbaycanlını öldürən amerikalı ömürlük həbs edilə bilər
Azərbaycanlının başını kəsərək qətlə yetirən amerikalıya ömürlük həbs cəzası verilə bilər. ABŞ məhkəməsi dekabr ayının əvvəlində Teymur Hüseynlinin qatili Cozef Spitalli barəsində hökm çıxaracaq.
Ötən həftənin cümə günü baş tutan məhkəmədə onun mərhumu qəddarlıqla öldürdüyünü qeyd edilib. Bu da Spitallinin qalan ömrünün həbsxanada keçirəcəyinə bir işarədir. Məhkəmədə qatilin vəkili onun azərbaycanlını qəsdən öldürmədiyini sübut etməyə çalışsalar da prokurorlar bunun əksini sübut edən dəlillər təqdim ediblər. Prokuror köməkçisi Kirsten Korol deyib ki, qətlin qəsdən və xüsusi amansızlıqla törədildiyini sübut edən bütün dəlillər var. “O, bıçaqla silahlanıb, arxadan hücum edib və praktiki olaraq Hüseynlinin boğazını üzüb”.
Cinayət hadisəsi 17 noyabr 2012-ci ildə İllinoys ştatının Daryebn şəhərində törədilib. 36 yaşlı yerli sakin Cozef Spitalli bıçaqla azərbaycanlı Teymur Hüseynlininin boğazını kəsərək öldürüb. 31 yaşlı azərbaycanlı internet vasitəsilə tanış olduğu litvalı qadının evindən çıxarkən qətlə yetirilib.
Məhkəmə prosesində şahid qismində dindirilən Kristina Baltrimaviciene adlı həmin qadın deyib ki, Cozef Spitalli onun keçmiş sevgilisidir. Qadın ifadəsində qətlin C.Spitalli tərəfindən törədildiyini, qurbanın isti qanının onun üzünə necə sıçradığını hələ də unuda bilmədiyini deyib.
Kristina məhkəmədə baş verənləri belə nəql edib: “Mən Spitalli ilə 2011-ci ildə online tanışlıq saytlarının birində tanış olmuşam. Bu tanışlıq dostluğa çevrilib. Spitalli və qızı bizim evə qonaq gəliblər. Münasibətlərimiz 2012-ci ildə korlanıb. Təxminən həmin vaxtlarda həmin tanışlıq saytında azərbaycanlı Teymur Hüseynli ilə tanış oldum”.
Qətlin baş verdiyi gecə T.Hüseynli Baltrimavicienenin mənzilinə şam yeməyinə və birlikdə filmə baxmağa gedibmiş. 30 yaşlı qadın Hüseynli ilə ertəsi gün saat 12:30 radələrində evdən öz avtomobili ilə çıxanda Spitalli qonşuluqdakı evdən çıxıb və ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib, bu vaxt Hüseynli ilə Spitalli arasında mübahisə olub. Onlar bir-birlərini itələyiblər. Spitalli əvvəl uzaqlaşıb, sonra qəfildən geri dönərək Hüseynliyə arxadan hücum edib. Sonra onu zorla öz maşınına oturdaraq valideynlərinin yaşadığı evə aparıb. Kristina 911 xidmətinə zəng edərək kömək istəyib, özü də Spitallinin mənzilinə, azərbaycanlı dostuna köməyə gedib. Mənzilə çatanda görüb ki, Spitalli Hüseynlini qətlə yetirib.
Qadın ifadəsində bildirib ki, Spitalli bu qətldən sonra onu və öz qızını da öldürməklə hədələyib.