Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb.
Yenicag.az-a bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçt daşımaları barədə yeni razılıqlar əldə olunub.
Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.
Qeyd edək ki, hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla “Azərpoçt” 14 aprel tarixindən etibarən 18 ölkəyə, aprelin 29-dan isə daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 40-a çatdırılıb.
www.yenicag.az