“Azparking” MMC-də ÖZBAŞNALIQ: Şirkət rəhbərliyi vətəndaşları qanunsuz cərimələyir – İDDİA
“İnsanlar park etmə vaxtını açdığı halda, maşınlarının vaxtı sistemdə bağlanır. Bu zaman vətəndaşlar bizimlə əlaqə saxlayıb, vaxtı açmışdıq, niyə cərimələnmişik? deyirlər. Biz də dəfələrlə araşdırmışıq və nəticə olaraq görmüşük ki, bunun arxasında şirkətimizin rəhbərliyi dayanır.”
Yenicag.az xəbər verir ki, bunu “Azparking” MMC-nin bələdçisi İlyasov Kənan sosial şəbəkə üzərindən yayımladığı video vasitəsilə şirkətindəki qeyri-qanuni iş proseslərinə dair ciddi şikayətlərini bildirib.
O, “Azparking” MMC-nin rəhbərliyinin, xüsusilə Alış Zeynalov və İlkin bəyin, park etmə vaxtlarını dəyişərək vətəndaşları cərimələdiklərini iddia edib.
İ.Kənan, eyni zamanda, şikayətlərini ictimailəşdirdiyi üçün hədə-qorxu ilə üzləşdiyini, həyatının təhlükə altında olduğunu söyləyib:
“Bunların heç birinə məhəl qoymayaraq bildirirəm ki, çox özbaşınalıqlar və qanunsuzluqlar baş verir. Mənim həyatım təhlükə altındadır. Videonu çəkdikdən sonra təhdidlər və hədə-qorxular gəliblər. Deyiblər ki, aqibətin heç də yaxşı olmayacaq”.
Şikayətçi qeyd edib ki, insanlar vaxt açaraq maşınlarını park etsə də audit Alış Zeynalov və İlkin bəy əraziyə gizlincə daxil olaraq həmin avtomobillərin vaxtını bağlayır, nəticədə isə bizlər sistemdə baxdığımız zaman həmin maşınların vaxtını görmədiyimiz üçün monitorinq edirik:
“Bu zaman vətəndaşlar üstümüzə gəlib “vaxt açdığımız halda niyə cərimə olunmuşuq?” deyirlər. Özümüz də dəfələrlə araşdırıb görmüşük ki, bunu bizim şirkətimizin öz rəhbərliyimi Alış Zeynalov və İlkin bəy edir. Əlimizdə faktlar da var. Onlara təlimat verənlər isə xidmət rəisi Bəşirov Yalçın və bölgə müdiri Azər Seyfullayevdir”, – deyə o bildirib”.
O, bu hadisənin daha geniş ictimaiyyətə çatdırılması üçün hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsini və şirkətin rəhbərliyinin qanunsuz hərəkətlərinin araşdırılmasını tələb edib.
Yenicag.az olaraq yazıda adı çəkilən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Ətraflı videomaterialda: