Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb.
Yenicag.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Belə ki, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edilib.
İndiyədək uçuş tariflərinə görə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.
AZAL-dan verilən məlumata görə, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.
Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir.
Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulub. 2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.
Qeyd edək ki, bu qəraradək Azərbaycan vətəndaşlarına Naxçıvan-Bakı reysi üzrə bilet 50 manat idi.
www.yenicag.az