Bakıda gələcək üçün ən perspektivli ərazilər açıqlandı
Son illərdə Bakıda sürətli urbanizasiya prosesi şəhərin əmlak bazarında ciddi dəyişikliklərə səbəb olub.
Yeni yollar, məktəblər, parklar və xüsusilə də metro stansiyalarının tikintisi müəyyən əraziləri daha da cəlbedici edib.
Bəzi bölgələrdə isə tikinti və infrastrukturun gecikməsi həmin əraziləri investisiya üçün riskli edir. Beləliklə, “Bakıda ev almaq üçün ən perspektivli və ən perspektivsiz ərazilər hansılardır?” sualı aktuallıq qazanır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, Bakının az hissəsində tikinti işləri gedəcək:
“Bakını şəhər olaraq ərazisi ilə müqayisə aparsaq. Moskvadan çox az geri qalır. Amma şəhərsalma Bakının çox balaca bir hissəsində gedir. Bakının 12 rayonunu götürsək, demək olar onların altısı boşdur. Qalan altısının isə mərkəzə yaxın hissələri çox yüklənib.
Perspektiv baxımdan Bayılı xüsusi qeyd edə bilərəm. Buna oxşar çox nümunələr gətirmək olar. Heç kim düşünmürdü ki, Ağ Şəhər layihəsi olacaq və orada evlərin qiyməti belə bahalaşacaq.
Bakının ən perspektivli əraziləri sökülüb yenidən inşa ediləcək yerlərdir. Bu, təqribən 45 hektarlıq əraziləri əhatə edəcək. Yasamalda Şərifzadə küçəsi, “Qara Qarayev” metro stansiyasının arxa tərəfindəki əraziləri xüsusi qeyd etmək istərdim.
Digər tərəfdən yeni tikiləcək metro stansiyaların yerləşdiyi əraziləri də vurğulamaq olar. Yeni salınacaq metrostansiayaların yerləşdiyi ərazilər bəlli olduğu üçün artıq həmin ərazilərdə tikinti başlamamış, qiymətlərin bahalaşması da başlayıb. Eyni zamanda “Papanin” adlanan ərazini də qeyd edə bilərik. “8 Noyabr” metro stansiyasının yerləşdiyi bu əraziyə də maraq böyükdür”.