Bakıda I sinfə qəbulla bağlı 37 937 sorğu yerləşdirildi
Paytaxt məktəblərinin birinci sinfinə qəbul: 37 mindən çox sorğu yerləşdirilib
İyulun 9-na (saat 12:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 937 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Valideyn müraciətlərinə operativ cavab verilib
Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5 539 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 305-i alternativ qeydiyyat mərkəzlərində, 4 892-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 342 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Elektron qeydiyyat sentyabrın 12-nə qədər davam edəcək
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 12-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.
Alternativ qeydiyyat mərkəzləri həftəiçi günlər fəaliyyət göstərir
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Əlaqə üçün əlavə imkanlar təqdim olunub
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər./apa