Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsız hərəkət və təkliflər edən şəxs tutulub.
Yenicag.az-ın məlumatına görə, hadisə 211 nömrəli tam orta məktəbin ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 25-i saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.
Həmin şəxsin video görüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və video görüntüləri polis əməkdaşlarına təqdim ediblər.
Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər məktəblinin dostlarına təşəkkürlərini bildiriblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır./Report/
www.yenicag.az