Bakıda “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” KONFRANS KEÇİRİLDİ – FOTO
Bu gün Bakıda “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, konfrans Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat zalı”nda keçirilib.
Tədbir Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Gənclər və İdman Nazirliyi və media nümayəndələrinin, həmçinin bir sıra tanınmış sosioloqların iştirakçılığı ilə keçirilib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova açılış nitqi səsləndirərək iştirakçıları salamlayıb, nəsillərarası həmrəyliyi məsələsinin aktuallığından və bu məsələ ətrafında gələcəkdə görüləcək işlərdən danışıb.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə isə bildirib ki, nəsillərarası həmrəyliyin möhkəmləndirilməsi istiqamətdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə sözün əsl mənasında dayaqdır. Eyni zamanda, sektor müdiri aparılan tədqiqatların nəticəsini açıqlayarkən qeyd edib ki, bu gün bir çox gənc tək və uzaq yaşamağı seçir. Belə göstəricilərin ən yüksək olduğu bölgə isə Mərkəzi Aran rayonlarıdır.
STM-in sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev də qeyd edib ki, müzakirə edilən mövzu aktualdır. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gətirilən Sosial Tədqiqatlar Mərkəzinin əsas vəzifəsi dövlət və cəmiyyət arasındakı əlaqəni gücləndirmək, gələcək inkişaf üçün mümkün perspektivləri proqnozlaşdırmaqdır.
Milli Məclisin aparat məsləhətçisi Aynur Veysəlovanın fikrincə isə nəsillərarası münasibətlərdə müsbət və mənfi bir sıra məsələlər gündəmdədir. Onun sözlərinə görə, ümumilikdə müəyyən məsələlərin öz həllini tapması üçün kəmiyyət deyil, keyfiyyət sorğusu keçirilməlidir.
Ailə, Qadın və Uşaq məsələlərin üzrə Dövlət Komitəsi, Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva isə öz növbəsində cəmiyyət və ailə məsələsini gündəmə gətirib. Bildirilib ki, cəmiyyətin formalaşması məhz ailədən başlayır. O, həmçinin vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ailə və cəmiyyət məsələsinə yanaşması və bu sahəyə göstərdiyi diqqət və qayğı problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb.
Nəsimi Ələsgərli