Bakı küçələrində taksi sifariş verən vətəndaşlar müəyyən çətinliklə üzləşir. Belə ki, avtobuslar üçün çəkilən yol imkan vermir ki, sərnişinlər taksiyə rahat şəkildə minib-düşsünlər. Bu zaman ya həmin xəttə keçən sürücülər də cərimə edilir, ya da vətəndaşlar taksi oradan keçəndə ikinci zolağa keçməlidir. Bu da onlar üçün çox təhlükəli bir durum yaradır. Bəs bunun üçün taksi dayanacaqlarının yaradılması lazımdırmı?
Mövzu ilə bağlı Yenicag.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, vaxtilə taksi dayanacaqlarının yaradılması ilə bağlı çox ləngimələr olub.
“İndi də görürük ki, taksi dayanacaqlarının yaradılması problemə çevrilib. Çünki şəhər mərkəzində dayanacaqları qurmaq üçün yer tapmaq mümkün deyil. Lakin yenə də hələlik çıxış yolu üçün taksilərə və sərnişinlərə tövsiyəm odur ki, taksi sifariş edərkən parklanma yerlərindən sifariş etsinlər. Sürücülər də müştəriləri parklanma yerlərindən götürsünlər. Bu zaman bir çaşqınlıq olmaz”, – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, avtobus zolaqlarının olması da zəruridir.
“Bu, artıq dövlət proqramında da təsbit olunub və bu zolaqlar çəkilib. İndi taksilərin dayanması üçün yol kənarlarında taksilərin dayanması üçün “ciblər” yaradılması ola bilər. Əslində, bunu etmək də mümkündür. Məndə olan məlumata görə taksi dayanacaqları ilə bağlı layihələr hazırlanır və təkliflər var. Düşünürəm ki, yaxın aylarda şəhərdə bir neçə taksi dayanacaqlarının yaranmasının biz şahidi olacağıq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az