Bu gün Türkiyə səfirliyində Türkiyə Cümhuriyyətinin yaranmasının 94. ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
Yenicag.az xəbər verir ki, qəbulda millət vəkilləri, mədəniyyət xadimləri və dövlət rəsmiləri də iştirak ediblər. Tədbir Türkiyə və Azərbaycan dövlət himnləri ilə açıq elan olunub. Əməkdar artist Tünzalə Ağayeva hər iki ölkənin himnini canlı olaraq səsləndirib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qonaqları salamlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu vurğulayan səfir bildirib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır:
“Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olub. Ortaq tarixə, keçmişə malik qardaş ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha inamla addımlayırlar”.
Tədbirdə həmçinin, Baş nazirin müavini Abid Şərifov da çıxış edib. Hökumət adından Türkiyə dövlətini və xalqını bayram münasibətilə təbrik edən dövlət rəsmisi bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox uzun və şərəfli yoldan keçib:
“Ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Tarix boyu Türkiyə hər zaman Azərbaycanın yanında olub, müstəqillik illərində də ölkəmizin dövlət quruculuğu istiqamətində atdığı bütün addımlara böyük dəstək verib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olub və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında bizi dəstəkləyib”.
Möhtəşəm gecədə iki qardaş ölkənin bir-birinə qəlbən bağlı olduğu vurğulanıb.
Başda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk olmaq, istiqlal üçün qanı bahasına mübarizə aparanlar hörmətlə yad olunub.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılışı üçün 30 oktyabrda ölkəmizə rəsmi səfər edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu tarixi günü “əsilzadə millətin yenidən oyanışı” adlandırıb:
“Türk millətinin iradəsinə heç kimin zəncir vura bilməyəcəyi dəfələrlə sübut olunub. Cümhuriyyətimizə həyat verən ruh 94 il əvvəl necə dimdik ayaqda idisə, bu gün də eyni qətiyyətini qoruyur. 15 iyul xəyanəti qarşısında millətimizin 250 şəhit verməsi, 2 min 193 vətən övladının qazi olması bu ruhun şanlı mübarizəsinin davam etdiyini sübut edir.”
www.yenicag.az