Bu dəqiqələrdə Bakıda yerləşən “Boulvard” oteldə Türkiyə Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş tədbir keçirilir.
Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə və Azərbaycanın önəmli dövlət və incəsənət xadimləri ilə yanaşı, digər ölkə səfirliklərinin də əməkdaşları iştirak edir.
Türkiyə Milli Məclisinin deputatı Mutlu Aydemir və Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qonaqlar sırasındadır.
Tədbiri çıxış sözü ilə açan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ölkəsinin çətin müstəqillik yolundan, bu yolda şəhid olan minlərlə vətəndaşlarından danışıb. Türkiyənin müstəqillik yolunda keçdiyi tarixi yolu, Çanaqqala başda olmaqla digər müharibələri qısa şəkildə diqqətə çatdıran səfir Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə də toxunub: “Dost və qardaş Azərbaycan Respublikası hər zaman inamlı, tərəfdaş ölkələrdəndir. Biz hər zaman Azərbaycanın yanındayıq və onun gücünü yanımızda hiss edirik”.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər durmadan inkişaf edir: “Bu gün Türkiyə Cumhuriyyətinin müstəqilliyinin 95 illik yubileyidir. Bu sevincli gündə qardaş ölkənin sevincinə şərikik. Eyni zamanda bu saatlarda İstanbulda dünyanın ən böyük hava limanı olan İstanbul hava limanının açılış tədbiridir və Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda çıxış edir. Bu iki xoş hadisənin üst-üstə düşməsi sevincimizi ikiqat artırır” – deyə qeyd edib.
Tədbirinin rəsmi hissəsi bitib və hazırda bədii hissə ilə davam etməkdədir.
www.yenicag.az