“World E-Commerce Forum” və “My Broker” gömrük təmsilçiliyi birgə təşkil etdiyi beynəlxalq praktik forumu bu gün öz işinə başlayıb.
Yenicag.az xəbər verir ki, Azərbaycanda və regionda elektron ticarət infrastrukturunun inkişaf etdirilməsi və bu mövzuda əlaqələrin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində “İnnovasiyalar Mərkəzi” MMC-nin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, “World E-Commerce Forum” və “My Broker” gömrük təmsilçiliyi birgə təşkil etdiyi beynəlxalq praktik forum start götürüb.
Açılış nitqi ilə çıxış edən “My Broker” Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyev, “World E-Commerce Forum”un sədri Ömər Nart, “AzPromo” Prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı forumun əhəmiyyətini vurğulayaraq, Azərbaycanda e-ticarət sahəsinin inkişaf etdirilməsinin prezidentin son islahatlarından sonra daha sürətli xarakter alacağını vurğulayıblar.
Çıxışlardan sonra forum çərçivəsində Azərbaycanın “MyBroker” şirkəti və Türkiyənin “Worldef” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Qeyd edək ki, iki gün davam edəcək forumda elektron ticarət və əsasən də elektoron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyada son tətbiqlər, müasir trendlər və praktik həllər ilə bağlı region üzrə öndə gələn şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumatlar veriləcək.
Aqil Bəkir
www.yenicag.az