Şəhərin içində insanları zəhərləyən zavod fəaliyyət göstərir.
Yenicag.az xəbər verir ki, Yeni Salyan şossesinə yaxın ərazidə yaşayış evlərinin ortasında zəhərli tüstü buraxan zavod fəaliyyət göstərir.
Zavodun sement, ya da beton istehsal etdiyi bildirilir. Zavod həm də jurnalistlərin 1-ci binasına, uşaq meydançasına çox yaxın məsafədə yerləşir. Elə də böyük olmayan zavod hansısa məmura, ya oliqarxa məxsusdur, kimin olması məlum olmasa da, şəxsi zavod kimi fəaliyyət göstərir.
Ən acınacaqlısı odur ki, bu zavod fəaliyyətini gündüz yox, gecələr aparır. Hər tərəfdə yaşayış binaları, həyət evləri var və yayın istisində insanlar evlərinin pəncərələrini açıq qoymağa məcbur olduğu üçün həmin zavodun buraxdığı zəhərli tüstü səhərə kimi evlərə dolub insanları zəhərləyir.
Zavodun tüstüsündən əziyyət çəkən insanlar da narahatdır.
Müəssisə niyə gündüz yox, gecə işləyir, bu da maraq doğuran sualdır. Zavod ya qeyri-leqal fəaliyyət göstərir, ya da vergidən yayınır, yaxud da Sosial Müdafiə Nazirliyindən gizlənir ki, guya işçi işlətmir.
Yəqin ki, gecələr gizlin fəaliyyət göstərən bu zavod barədə gec də olsa xəbər tutub, tədbir görənlər olacaq.
www.yenicag.az